Cari ilin fevral ayının 3-də Azərbaycan
Respublikasının Vəkillər Kollegiyasının Akademiyasının təşkilatçılığı ilə
“Akademik hüquqi yazı” mövzusunda növbəti təlim keçirilib.
Açılış nitqi ilə çıxış edən Vəkillər
Kollegiyasının Akademiyasının rektoru, h.e.d., professor Əmir Əliyev
iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb, təlimin
işinə uğurlar arzulayıb, hər bir hüquqşünasın mükəmməl yazı vərdişlərinə sahib
olmasının zəruriliyini vurğulayıb. Professor çıxışında qeyd edib ki, belə
tədbirlər Akademiya tərəfindən davamlı olaraq təşkil olunacaq.
Təlimdə "Kaspian Drilinq Kompani
Limited" MMC-nin hüquqşünası, müxtəlif nüfuzlu beynəlxalq məlumat
bazalarında indekslənmiş Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalının baş
redaktoru olmuş Mehran Əmirli tərəfindən məruzələr edilib.
Həmçinin, təlimdə Kollegiya tərəfindən dərc
edilən və beynəlxalq indeksləşdirilmiş “Azərbaycan vəkili” elmi-praktiki hüquq
jurnalı iştirakçılara nümayiş etdirilib. Eyni zamanda, arzu edən vəkillərin
jurnalda məqalə ilə çıxış etməsinin vacibliyi qeyd olunub.
Böyük maraqla qarşılanan təlimin rəsmi
hissəsinin sonunda iştirakçıların çoxsaylı sualları cavablandırılıb.
Xatırladaq ki, təlimdə Kollegiyanın 24 üzvü və Vəkillər Kollegiyasının Akademiyasının əməkdaşları iştirak edib.