Cari ilin fevral ayının 3-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Akademiyasının təşkilatçılığı ilə “Akademik hüquqi yazı” mövzusunda növbəti təlim keçirilib.
Açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının Akademiyasının rektoru, h.e.d., professor Əmir Əliyev iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb, təlimin işinə uğurlar arzulayıb, hər bir hüquqşünasın mükəmməl yazı vərdişlərinə sahib olmasının zəruriliyini vurğulayıb. Professor çıxışında qeyd edib ki, belə tədbirlər Akademiya tərəfindən davamlı olaraq təşkil olunacaq.
Təlimdə "Kaspian Drilinq Kompani Limited" MMC-nin hüquqşünası, müxtəlif nüfuzlu beynəlxalq məlumat bazalarında indekslənmiş Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalının baş redaktoru olmuş Mehran Əmirli tərəfindən məruzələr edilib.
Həmçinin, təlimdə Kollegiya tərəfindən dərc edilən və beynəlxalq indeksləşdirilmiş “Azərbaycan vəkili” elmi-praktiki hüquq jurnalı iştirakçılara nümayiş etdirilib. Eyni zamanda, arzu edən vəkillərin jurnalda məqalə ilə çıxış etməsinin vacibliyi qeyd olunub.
Böyük maraqla qarşılanan təlimin rəsmi hissəsinin sonunda iştirakçıların çoxsaylı sualları cavablandırılıb.
Xatırladaq ki, təlimdə Kollegiyanın 24 üzvü və Vəkillər Kollegiyasının Akademiyasının əməkdaşları iştirak edib.