Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Azərbaycan nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak etmişdir

20 iyul 2018    3848 share share

Bu günlərdə Türkiyənin İstanbul şəhərində Beynəlxalq Hüquqşünaslar Birliyi, Türkiyə Hüquq Platforması, Konstitusiya Hüquqçuları Dərnəyi, Türkiyə Ədliyyə Akademiyası və İstanbul Universitetinin birgə təşkil etdiyi “Dövlətə qarşı 3-cü qiyam ilə mübarizə və 15 iyul” adlı beynəlxalq simpozium keçirilmişdir.

Tədbirdə “dövlətə qarşı qiyam cəhdlərinin uğurla nəticələnib-nəticələnməməsinin səbəbləri”, “qiyamların arxasındakı xarici siyasi təsirlər”, “İslam dünyasında demokratikləşmə ümidləri və qiyamlar”, “qiyamların təşkilində yer alan şəxslər”, “qiyam meyllərinin aradan qaldırılması” və s. mövzular ətrafında məruzələr dinlənilmişdir.

Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin, Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədovun, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədrinin müavini Nadir Adilovun, Vəkillər Kollegiyasının üzvü Aygün Əliyevanın, Azərbaycandan olan bir sıra təşkilat və KİV nümayəndələrinin də dəvət olunduğu tədbirdə Türkiyə Respublikasının yüksək səviyyəli dövlət rəsmilərinin - Baş nazirin müavini Bekir Bozdağın, ədliyyə naziri Abdulhamit Gülün, habelə İstanbul Universitetinin rektoru professor Mahmut Akın və Türkiyə elm cameəsinin digər təmsilçilərinin məzmunlu çıxışları dinlənilmiş, tədbirin mövzusu ilə əlaqədar maraq kəsb edən suallara aydınlıq gətirilmişdir.

Həmçinin tədbirdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin “Bölgədə geosiyasi gərginliyin bir hissəsi kimi 15 iyul” mövzusunda geniş və maraqlı təqdimatı auditoriya tərəfindən maraqla qarşılanmışdır.

Bundan başqa, Vəkillər Kollegiyasının sədri Anar Bağırovun Türkiyə Hüquq Platformasının sədri vəkil Ahmet Akcan, Beynəlxalq Hüquqşünaslar Birliyinin sədri vəkil Necati Ceylan ilə ikirtərəfli görüşləri baş tutmuş, Türkiyə Vəkillər Kollegiyaları Birliyi ilə əməkdaşlıq çərçivəsində Türkiyə və Azərbaycanın vəkilliyi arasında vəkillərin qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətinə toxunulmuş, gələcəkdə bu cür əməkdaşlığın genişləndirilməsinin perspektivləri barədə faydalı fikir mübadiləsi aparılmışdır.