Cari ilin fevral ayının 28-də Azərbaycan
Respublikasının Vəkillər Kollegiyası və UNİCEF-in Azərbaycandakı
nümayəndəliyinin birgə təşkilatçılığı ilə Şəki şəhərində “Uşaqyönümlü hüquqi
yardım (Uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda
müdafiəsində vəkilin fəaliyyəti)” mövzusunda növbəti təlim keçirilib.
İştirakçıları salamlayan Şəki Regional
Vəkil Bürosunun müdiri Xəyal İbrahimov regionlarda uşaq hüquqlarının daima
diqqət mərkəzində olduğunu qeyd edərək, vəkillərin bu sahədə fəaliyyət
istiqamətlərindən söz açıb.
Təlimin əsas hissəsində çıxış edən
UNİCEF-in eksperti, Vəkillər Kollegiyasının üzvü, hüquqşünas-təlimçi Rafiq
Alışov uşaqyönümlü hüquqi yardım sahəsində beynəlxalq standartlar, mexanizmlər,
yayındırma, bərpaedici ədalət mühakiməsi, uşaqyönümlü hüquqi yardımın əsas və rəhbər
prinsipləri, təhqiqat və ibtidai istintaqda, habelə mülki icraatda uşaqyönümlü
müdafiə, o cümlədən bu sahədə praktiki fəaliyyət barədə məruzələr edib.
Qeyd edək ki, Şəki, Zaqatala, Qax və Göyçay
şəhərlərində fəaliyyət göstərən ümumilikdə 10 vəkilin qatıldığı təlimdə yuvenal
ədliyyənin tarixi, Azərbaycanda yuvenal ədliyyənin inkişafı, uğurlar və
çətinliklər, eyni zamanda, təhqiqat, ibtidai istintaq, məhkəmə orqanlarında
uşaqyönümlü hüquqi yardıma dair vəkillərin fəaliyyəti müzakirə edilib.
Sonda vəkillərin uşaq hüquqları sahəsində sualları cavablandırılıb, təlimdə iştirak edən vəkillərə sertifikatlar təqdim olunub və xatirə şəkli çəkilib.