Cari ilin fevral ayının 28-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Şəki şəhərində “Uşaqyönümlü hüquqi yardım (Uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)” mövzusunda növbəti təlim keçirilib.
İştirakçıları salamlayan Şəki Regional Vəkil Bürosunun müdiri Xəyal İbrahimov regionlarda uşaq hüquqlarının daima diqqət mərkəzində olduğunu qeyd edərək, vəkillərin bu sahədə fəaliyyət istiqamətlərindən söz açıb.
Təlimin əsas hissəsində çıxış edən UNİCEF-in eksperti, Vəkillər Kollegiyasının üzvü, hüquqşünas-təlimçi Rafiq Alışov uşaqyönümlü hüquqi yardım sahəsində beynəlxalq standartlar, mexanizmlər, yayındırma, bərpaedici ədalət mühakiməsi, uşaqyönümlü hüquqi yardımın əsas və rəhbər prinsipləri, təhqiqat və ibtidai istintaqda, habelə mülki icraatda uşaqyönümlü müdafiə, o cümlədən bu sahədə praktiki fəaliyyət barədə məruzələr edib.
Qeyd edək ki, Şəki, Zaqatala, Qax və Göyçay şəhərlərində fəaliyyət göstərən ümumilikdə 10 vəkilin qatıldığı təlimdə yuvenal ədliyyənin tarixi, Azərbaycanda yuvenal ədliyyənin inkişafı, uğurlar və çətinliklər, eyni zamanda, təhqiqat, ibtidai istintaq, məhkəmə orqanlarında uşaqyönümlü hüquqi yardıma dair vəkillərin fəaliyyəti müzakirə edilib.
Sonda vəkillərin uşaq hüquqları sahəsində sualları cavablandırılıb, təlimdə iştirak edən vəkillərə sertifikatlar təqdim olunub və xatirə şəkli çəkilib.