Cari ilin 01-02 mart tarixlərində
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin üzvləri
- Lalə Nağıyeva, İlhamə Həsənova və ARVK Aparatının baş hüquqşünas məsləhətçisi
Səttar Məmmədov Serbiya Vəkillər Kollegiyasının (SVK) dəvəti ilə Serbiyada Vəkil
Günü münasibətilə keçirilən təntənəli tədbirdə iştirak etmək üçün Belqrad
şəhərində rəsmi səfərdə olub.
Tədbirdə Avropa Vəkillər Kollegiyaları və
Hüquq Cəmiyyətləri Şurasının (CCBE) prezidenti Pierre-Dominique Schupp, Beynəlxalq
Vəkillər Assosiasiyasının (UIA) prezidenti Jacqueline Scott, dünyanın müxtəlif
ölkələrindən vəkillər kollegiyaları və hüquq cəmiyyətlərinin rəhbərləri, habelə
dövlət rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.
ARVK nümayəndə heyəti səfərin əvvəlində Ümummilli
Lider Heydər Əliyevin Belqrad şəhərində yerləşən büstünü ziyarət edərək,
abidəsi önünə gül dəstələri qoyub və xatirəsini ehtiramla yad edib.
Tədbir çərçivəsində ilk olaraq SVK
tərəfindən qonaqlar üçün rəsmi qəbul təşkil olunub. Növbəti gün isə Serbiya
Respublikasının Parlamentinə, Serbiyanın Tarix Muzeyinə və Müqəddəs Sava
kilsəsinə səfər təşkil edilib.
Sonra SVK tərəfindən “Kolarac” konsert
zalında rəsmi mərasim təşkil olunub. Tədbirin əvvəlində SVK-nın prezidenti Veljko
Delibasic açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb. Daha sonra tədbir
iştirakçılarına Serbiya vəkilliyinin tarixi barədə məlumat verilib.
Mərasimin davamı olaraq qonaqlar üçün
xüsusi konsert proqramı, günün sonunda isə rəsmi ziyafət təşkil olunub.
Səfər çərçivəsində Avropa Vəkillər
Kollegiyaları Federasiyasının (FBE) şərqi Avropa komitəsinin sədri Rajko Maric
ilə keçirilən görüşdə Azərbaycanda vəkillik sahəsində son illərdə görülən
işlərin yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb və birgə müxtəlif
layihələrin həyata keçirilməsi üzrə ilkin razılıqlar əldə edilib.
Bundan başqa, ötən müddət ərzində qurulan əməkdaşlığın gələcəkdə daha da gücləndirilməsi məqsədilə CCBE, UIA və SVK-nın nümayəndə heyətləri, habelə digər ölkələrin vəkillər kollegiyaları ilə ikitərəfli görüşlər keçirilib, təcrübə mübadiləsi və gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.