Cari ilin 7-10
mart tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində İstanbul Barosunda
Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) təşkilatçılığı ilə “Vəkillikdə innovativ
sərhədlər: texnologiya və qloballaşmanın kəsişməsinin istiqamətləndirilməsi”
mövzusuna həsr olunan konfrans keçirilib.
Tədbirdə
ABŞ-nin və Avropanın bir çox ölkələrinin vəkilləri, habelə hüquqşünasları
iştirak ediblər.
Azərbaycan
Respublikasının Vəkillər Kollegiyasının (ARVK) EYBA-da səlahiyyətli nümayəndəsi
Yunis Nəsibov, ARVK-nın üzvləri - Nərmin Zülfüqarlı, Anar Tağızadə, Nurəngiz
Qarayeva, Ənvər Əmirəliyev və Sübhan Əliyev sözügedən konfransa qatılıb.
Tədbir
İstanbul Barosunun sədri Filiz Saraç, Gənc Vəkillər Mərkəzinin rəhbəri Sevim
Hazal Görmüş və EYBA-nın prezidenti Sergiy Barbashynın açılış nitqləri ilə
başlayıb. Sergiv Barbashyn EYBA-nın təşəbbüsü ilə görülən işlər, davam edən
layihələr, gələcək planlar barədə məlumat verib və gənc vəkillərin iş prosesində
üzləşdiyi bir sıra problemləri dilə gətirib.
O bildirib ki,
EYBA demokratiya, insan hüquq və azadlıqları, ədalətin çatımlılığı, qanunun
aliliyi kimi əsas fundamental prinsiplər üzərində qurulub və əsas məqsədi
Avropada gənc hüquqşünasların təhsilinin, rifahının yaxşılaşdırılması, onlar
arasında peşəkar və sosial əlaqələrin qurulması və.s məsələləri tənzimləməkdir.
Konfransın əsas hissəsinin 8 Mart - Beynəlxalq Qadınlar Günündə keçirilməsinə
diqqət çəkən prezident gender bərabərliyinin əhəmiyyətini və bunu dəstəklədiyini
vurğulayıb.
Sonra Avropa Vəkillər
Federasiyasının (FBE) prezidenti İzabela Konopacka, Almaniya Federal Vəkillər
Kollegiyasının direktoru Dr. Veronika Denninger çıxış ediblər, bir çox vəkil və
təlimçilər tərəfindən maarifləndirici nitqlər səsləndirilib.
Konfrans müddətində
hüquq sahəsində texnologiyanın tətbiq edilməsi, kibertəhlükəsizlik, gənc vəkillərin
üzləşdiyi qlobal problemlər, süni intellektin hüquq sahəsindəki rolu, rəqəmsal
dövrdə aviasiya və kosmos hüququnun əsas problemləri və sair mövzular təqdimatlarla
izləyicilərə çatdırılıb.
Tədbirin
ikinci günü EYBA-nın Ümumi Yığıncagı baş tutub. Yığıncaqda hazırda davam edən
layihələr, gələcək planlar, təşkilati xərclər və qurumun idarəçiliyi ilə bağlı
digər məsələlər müzakirə edilib.
Eyni zamanda,
konfrans müddətində gənc vəkillər arasında sosial əlaqələrin qurulması istiqamətində
bir çox təşəbbüslər göstərilib, o cümlədən fərqli iş yeməkləri, sosial fəaliyyətlər
həyata keçirilib.
Sonda iştirakçılara rəsmi ziyafət təşkil olunub.