Cari ilin mart
ayının 11-12-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) və
UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Naxçıvan
Muxtar Respublikasında “Uşaqyönümlü hüquqi yardım (Uşaqların hüquqlarının
cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)”
mövzusunda təlim keçirilib.
Təlimin əsas
hissəsində çıxış edən UNİCEF-in eksperti, ARVK-nın üzvü, hüquqşünas-təlimçi
Rafiq Alışov “Uşaqyönümlü hüquqi yardım sahəsində beynəlxalq standartlar və
mexanizmlər”, “Yayındırma və bərpaedici ədalət mühakiməsi”, “Uşaqyönümlü hüquqi
yardımın əsas prinsipləri və rəhbər prinsiplər”i, “Təhqiqat və ibtidai
istintaqda, habelə mülki icraatda uşaqyönümlü müdafiə və bu sahədə praktiki fəaliyyət”
mövzularında məruzələr edib.
Qeyd edək ki,
Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasının 15 vəkilinin qatıldığı
təlimdə yuvenal ədliyyənin tarixi, Azərbaycanda yuvenal ədliyyənin
inkişafı, uğurlar və çətinliklər, eyni
zamanda, təhqiqat, ibtidai istintaq və məhkəmə orqanlarında uşaqyönümlü hüquqi
yardıma dair vəkillərin fəaliyyəti müzakirə edilib.
Sonda vəkillərin uşaq hüquqları sahəsində sualları cavablandırılıb, təlimdə iştirak edən vəkillərə sertifikatlar təqdim olunub və xatirə şəkli çəkilib.