100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Naxçıvanda vəkillərə “Uşaqyönümlü hüquqi yardım” mövzusunda təlim keçirilib

14 March 2024    484 share share

Cari ilin mart ayının 11-12-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında “Uşaqyönümlü hüquqi yardım (Uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)” mövzusunda təlim keçirilib.

Təlimin əsas hissəsində çıxış edən UNİCEF-in eksperti, ARVK-nın üzvü, hüquqşünas-təlimçi Rafiq Alışov “Uşaqyönümlü hüquqi yardım sahəsində beynəlxalq standartlar və mexanizmlər”, “Yayındırma və bərpaedici ədalət mühakiməsi”, “Uşaqyönümlü hüquqi yardımın əsas prinsipləri və rəhbər prinsiplər”i, “Təhqiqat və ibtidai istintaqda, habelə mülki icraatda uşaqyönümlü müdafiə və bu sahədə praktiki fəaliyyət” mövzularında məruzələr edib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasının 15 vəkilinin qatıldığı təlimdə yuvenal ədliyyənin tarixi, Azərbaycanda yuvenal ədliyyənin inkişafı,  uğurlar və çətinliklər, eyni zamanda, təhqiqat, ibtidai istintaq və məhkəmə orqanlarında uşaqyönümlü hüquqi yardıma dair vəkillərin fəaliyyəti müzakirə edilib.

Sonda vəkillərin uşaq hüquqları sahəsində sualları cavablandırılıb, təlimdə iştirak edən vəkillərə sertifikatlar təqdim olunub və xatirə şəkli çəkilib.