Carı ilin mart
ayının 13-də Avropa Vəkillər Kollegiyaları Federasiyasının (FBE) Şərqi Avropa Komitəsi
tərəfindən Azərbaycan, Türkiyə, Serbiya və Rumıniya respublikalarında Biznesin
Aparılması (“Doing Business”) istiqamətində “Doing Eastern” mövzusuna həsr edilən
beynəlxalq vebinar keçirilib.
Açılış nitqi
ilə çıxış edən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri,
eyni zamanda FBE-nin Şərqi Avropa Komitəsinin üzvü Anar Bağırov ARVK-nın FBE-yə
üzvlüyünün peşəkar inkişaf və əməkdaşlıq üçün yeni yollar açdığını, Kollegiyanın
beynəlxalq əlaqələrinə mühüm töhfə verdiyini deyib.
Sədr ARVK-nın
bu sahədə gördüyü işlərdən, xüsusilə Biznes Hüququ Komitəsinin təsis edilməsini,
vəkillər üçün mütəmadi olaraq təlimlərin keçirilməsini, ölkədə biznes
qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində Kollegiyanın rolunu tədbir
iştirakçılarının diqqətinə çatdırıb.
Həmçinin, Anar
Bağırov Azərbaycanın bu il dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olan
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının
Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini və sözügedən
hadisənin ölkəmizin qlobal miqyasda artan nüfuzunun, müxtəlif dövlətlərin, habelə
beynəlxalq təşkilatların respublikamıza olan marağının ifadəsi olduğunu vurğulayıb.
Daha sonra geniş
təqdimatla çıxış edən Kollegiyanın Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nərmin
Abbasova son illərdə ölkəmizdə biznes sahəsində reallaşan islahatları,
sosial-iqtisadi sahədə qazanılan nailiyyətləri, yaradılan əlverişli biznes və investisiya
mühitini, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasını,
regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzi olmasını, ölkənin
investisiya yatırımı üçün biznes cəlbediciliyini və bu siyasətə uyğun olaraq
daxili qanunvericiliyin daim təkmilləşdirildiyini nəzərə çatdırıb.
Eyni zamanda,
vebinarda FBE-nin Şərqi Avropa Komitəsinin prezidenti Rajko Maric, Rumıniyanın
Kluj-Napoka Vəkillər Kollegiyasının üzvü Calin Viorel İuga, Türkiyənin Ankara
Barosunun üzvü Mengü Gökçe, habelə Avropa ölkələrinin vəkillər
kollegiyalarının, o cümlədən hüquq cəmiyyətlərinin nümayəndələri iştirak edib və
çıxış ediblər.
Qeyd edək ki, ötən ilin 15-17 iyun tarixlərində FBE-nin ümumi qurultayında ARVK həmin təşkilata tamhüquqlu üzv olaraq qəbul olub. Avropa Şurasına və Avropa İttifaqına üzv olan 20 ölkənin vəkillər kollegiyalarını, hüquq cəmiyyətlərini, habelə 1 milyondan çox vəkili özündə birləşdirən FBE təşkilatının 21-ci üzvü və Cənubi Qafqazdan ilk ölkə Azərbaycan respublikası olub.