Aprelin 18-də
Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində “İngilis hüquq forumu”
mövzusunda beynəlxalq hüquq konfransı keçirilib.
AZƏRTAC xəbər verir
ki, Böyük Britaniyanın Tbilisidəki səfirliyinin, İngiltərə və Uels Hüquq Cəmiyyətinin
və Gürcüstan Vəkillər Kollegiyasının birgə təşkil etdiyi tədbirdə ölkəmizi Azərbaycan
Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərlik
etdiyi nümayəndə heyəti təmsil edib.
Konfransda beynəlxalq
arbitraja xüsusi diqqət yetirməklə hüquqi xidmətlər, mübahisələrin həlli,
sanksiyalar rejimi və qanunun aliliyi barədə məruzələr dinlənilib, biznes
mühitinin inkişafında ingilis hüquq sistemi və onun Cənubi Qafqaz regionunda tətbiqi
barədə fikir mübadiləsi aparılıb.
Anar Bağırov konfransda
açılış nitqi ilə çıxış edərək ölkəmizdə hüquqi cəmiyyətin inkişaf perspektivləri,
biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində atılan mütərəqqi
addımlar, vəkillik fəaliyyətinin inkişaf perspektivləri barədə ətraflı məlumat
verib. Bildirib ki, forum beynəlxalq arbitraj, mübahisələrin həlli və qanunun
aliliyi kimi həyati əhəmiyyətli sahələrdə hüquqi təcrübənin çərçivəsinin
formalaşdırılmasında beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar açır.
ARVK-nın sədri bu
ilin noyabrında Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının 29-cu Tərəflər Konfransına (COP29) ev sahibliyi edəcəyini diqqətə
çatdırıb. Vurğulayıb ki, bu, təkcə ciddi iqlim problemlərini həll etmək üçün
deyil, həm də hüquq müstəvisində müxtəlif sektorlar üzrə əməkdaşlığı genişləndirmək
üçün fürsət olacaq.
Azərbaycanın mühüm
ticarət yolları boyunca əlverişli mövqedə yerləşdiyini qeyd edən A.Bağırov
deyib ki, xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda Mərkəzi Asiya dövlətləri Qərblə
ticarət əlaqələrini Azərbaycan və Gürcüstan vasitəsilə həyata keçirir. Bu
kontekstdə ingilis hüququ ilə Azərbaycan hüququ arasında müqayisə olunmalı müxtəlif
aspektlər var.
Azərbaycanda bu sahədə
görülən işlərdən danışan ARVK-nın sədri vurğulayıb ki, “Ələt Azad İqtisadi
Zonası”nın tərkibində arbitraj mərkəzinin yaradılması istiqamətində işlər
aparılır.
Nəzərə çatdırılıb ki,
BP və SOCAR ölkəmizdə fəaliyyət göstərən çoxsaylı subpodratçılarla yanaşı,
güclü iqtisadi baza ingilis hüquq prinsiplərinin inteqrasiyasına yardımçı olan əsaslı
tərəfdaşlığın sübutudur. Azərbaycanın əhəmiyyətli enerji istehsal edən ölkə və
Mərkəzi Asiya ölkələri üçün fəaliyyət göstərən ticarət mərkəzi kimi ikili
statusu nəzərə alınmalı, hüquqi institutlar iqtisadi reallıqlara
uyğunlaşdırılmalıdır.
“Biznes ictimaiyyətinin
artan rekvizitlərini nəzərə alaraq, ARVK 2022-ci ildə biznes hüququ və mübahisələrin
həlli üzrə ixtisaslaşmış hüquqşünasları formalaşdırmaqla Biznes Hüququ Komitəsini
yaradıb. Bu Komitə arbitraj da daxil olmaqla biznes mübahisələrinin həlli üzrə
ixtisaslaşmış hüquq ekspertləri ilə əməkdaşlıq edir”, – deyə A.Bağırov
vurğulayıb.
Qeyd edək ki, səfərdə
ARVK-nın sədri Anar Bağırovla yanaşı, Kollegiyanın Baş katibi Bayram Orucov və
sədrin müşaviri Fərhad Nəcəfov da iştirak edib.