100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

18 April 2024    491 share share

Aprelin 18-də Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində “İngilis hüquq forumu” mövzusunda beynəlxalq hüquq konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın Tbilisidəki səfirliyinin, İngiltərə və Uels Hüquq Cəmiyyətinin və Gürcüstan Vəkillər Kollegiyasının birgə təşkil etdiyi tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Konfransda beynəlxalq arbitraja xüsusi diqqət yetirməklə hüquqi xidmətlər, mübahisələrin həlli, sanksiyalar rejimi və qanunun aliliyi barədə məruzələr dinlənilib, biznes mühitinin inkişafında ingilis hüquq sistemi və onun Cənubi Qafqaz regionunda tətbiqi barədə fikir mübadiləsi aparılıb.

Anar Bağırov konfransda açılış nitqi ilə çıxış edərək ölkəmizdə hüquqi cəmiyyətin inkişaf perspektivləri, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində atılan mütərəqqi addımlar, vəkillik fəaliyyətinin inkişaf perspektivləri barədə ətraflı məlumat verib. Bildirib ki, forum beynəlxalq arbitraj, mübahisələrin həlli və qanunun aliliyi kimi həyati əhəmiyyətli sahələrdə hüquqi təcrübənin çərçivəsinin formalaşdırılmasında beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar açır.

ARVK-nın sədri bu ilin noyabrında Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransına (COP29) ev sahibliyi edəcəyini diqqətə çatdırıb. Vurğulayıb ki, bu, təkcə ciddi iqlim problemlərini həll etmək üçün deyil, həm də hüquq müstəvisində müxtəlif sektorlar üzrə əməkdaşlığı genişləndirmək üçün fürsət olacaq.

Azərbaycanın mühüm ticarət yolları boyunca əlverişli mövqedə yerləşdiyini qeyd edən A.Bağırov deyib ki, xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda Mərkəzi Asiya dövlətləri Qərblə ticarət əlaqələrini Azərbaycan və Gürcüstan vasitəsilə həyata keçirir. Bu kontekstdə ingilis hüququ ilə Azərbaycan hüququ arasında müqayisə olunmalı müxtəlif aspektlər var.

Azərbaycanda bu sahədə görülən işlərdən danışan ARVK-nın sədri vurğulayıb ki, “Ələt Azad İqtisadi Zonası”nın tərkibində arbitraj mərkəzinin yaradılması istiqamətində işlər aparılır.

Nəzərə çatdırılıb ki, BP və SOCAR ölkəmizdə fəaliyyət göstərən çoxsaylı subpodratçılarla yanaşı, güclü iqtisadi baza ingilis hüquq prinsiplərinin inteqrasiyasına yardımçı olan əsaslı tərəfdaşlığın sübutudur. Azərbaycanın əhəmiyyətli enerji istehsal edən ölkə və Mərkəzi Asiya ölkələri üçün fəaliyyət göstərən ticarət mərkəzi kimi ikili statusu nəzərə alınmalı, hüquqi institutlar iqtisadi reallıqlara uyğunlaşdırılmalıdır.

“Biznes ictimaiyyətinin artan rekvizitlərini nəzərə alaraq, ARVK 2022-ci ildə biznes hüququ və mübahisələrin həlli üzrə ixtisaslaşmış hüquqşünasları formalaşdırmaqla Biznes Hüququ Komitəsini yaradıb. Bu Komitə arbitraj da daxil olmaqla biznes mübahisələrinin həlli üzrə ixtisaslaşmış hüquq ekspertləri ilə əməkdaşlıq edir”, – deyə A.Bağırov vurğulayıb.

Qeyd edək ki, səfərdə ARVK-nın sədri Anar Bağırovla yanaşı, Kollegiyanın Baş katibi Bayram Orucov və sədrin müşaviri Fərhad Nəcəfov da iştirak edib.