Cari ilin aprel
ayının 19-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis
Akademiyasında “Mülkiyyət əleyhinə törədilən cinayətlərlə mübarizənin müasir
problemləri” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirin açılışında
çıxış edən Polis Akademiyası rəisinin birinci müavini, polis polkovniki Vüqar
Mansurov müasir dövrdə bu səpkidə törədilən cinayətlərin təhlükəsizlik dərəcəsinə
toxunub, həmin cinayətlərin qarşısının alınmasının labüdlüyünü vurğulayıb.
Vəkillər Kollegiyası
Akademiyasının rektoru, h.e.d., professor Əmir Əliyev açılış çıxışında tədbir iştirakçılarını
Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin sədri Anar Bağırovun adından
salamlayaraq mövcud problemin VK-nın da diqqət mərkəzində olduğunu qeyd edib,
Kollegiyanın bu sahədə mühüm fəaliyyət istiqamətlərindən söz açıb. Həmçinin, professor
bu qəbildən olan cinayətlərin ictimai təhlükəlilik dərəcəsini, nəticələrini və
müasir problemlərini də təhlil edib.
Eyni zamanda, mərasimdə
Xəzər Rayon Məhkəməsinin hakimi İlham Cəfərov, DİN-in Kriminalistik Tədqiqatlar
İdarəsinin rəis müavini, k.ü.f.d., polis baş leytenantı Fikrət Əliyev, Ədliyyə
Nazirliyinin Ekspertiza Əlyazmalar və səslərin ekspertizaları şöbəsinin rəisi, ədliyyə
müşaviri Hümbət Vəliyev və digər qurumların məsul vəzifəli şəxsləri tərəfindən
məruzələr səsləndirilib.
Tədbirdə Vəkillərin İxtisas Komissiyasının üzvü, vəkil Fərid Həsənovla Vüqar Kərimov da iştirak edib. Mərasimin əsas hissəsində Fərid Həsənov “Virtual əmlak və ona qəsdlərlə mübarizənin müasir problemləri” adlı məruzə ilə çıxış edib.