Vəkilliyə qəbul olmaq
istəyən şəxslərin nəzərinə!
Məlum olduğu kimi,
“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı
ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına (ARVK) ixtisas
imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, ARVK-ya yeni üzvlərin qəbul
edilməsi üçün şərait yaradılması tövsiyə olunub.
Sərəncamdan irəli gələn
tədbirlərin davamı olaraq, Kollegiya ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əldə
olunan razılığa əsasən, 26.05.2024-cü il tarixdə saat 10:00-da ARVK və Naxçıvan
Muxtar Respublikasının Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti
ixtisas imtahanının test mərhələsinin keçirilməsi nəzərdə tutulub.
Belə ki, Bakı şəhəri,
Süleyman Sani Axundov küçəsi ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində yerləşən
DİM-in inzibati binasında təşkil olunacaq imtahan kompüter vasitəsilə
elektronlaşdırılmış qaydada həyata keçiriləcək. Namizədlər buraxılış vərəqəsini
imtahandan 10 gün əvvəl dim.gov.az saytından əldə edə bilərlər.
Həmçinin, namizədlərdən
müəyyən olunan vaxtdan ən geci bir saat əvvəl imtahanın keçiriləcəyi inzibati
binaya şəxsiyyət vəsiqələri və buraxılış vərəqələrilə birlikdə yaxınlaşmaları xahiş olunur.
Əlavə olaraq
bildiririk ki, hazırda sənəd qəbulu davam edir, sənədlərini təqdim etməmiş şəxslər
15 may 2024-cü il tarixədək Vəkillərin Sənəd Qəbulu Komissiyasına müraciət edə
bilərlər.