Vəkilliyə qəbul olmaq istəyən şəxslərin nəzərinə!
Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına (ARVK) ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, ARVK-ya yeni üzvlərin qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunub.
Sərəncamdan irəli gələn tədbirlərin davamı olaraq, Kollegiya ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əldə olunan razılığa əsasən, 26.05.2024-cü il tarixdə saat 10:00-da ARVK və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinin keçirilməsi nəzərdə tutulub.
Belə ki, Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində yerləşən DİM-in inzibati binasında təşkil olunacaq imtahan kompüter vasitəsilə elektronlaşdırılmış qaydada həyata keçiriləcək. Namizədlər buraxılış vərəqəsini imtahandan 10 gün əvvəl dim.gov.az saytından əldə edə bilərlər.
Həmçinin, namizədlərdən müəyyən olunan vaxtdan ən geci bir saat əvvəl imtahanın keçiriləcəyi inzibati binaya şəxsiyyət vəsiqələri və buraxılış vərəqələrilə birlikdə yaxınlaşmaları xahiş olunur.
Əlavə olaraq
bildiririk ki, hazırda sənəd qəbulu davam edir, sənədlərini təqdim etməmiş şəxslər
15 may 2024-cü il tarixədək Vəkillərin Sənəd Qəbulu Komissiyasına müraciət edə
bilərlər.