Cari ilin aprel
ayının 25-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədr
müavini - Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov, Baş katib Bayram
Orucov və “Elektron vəkillik" Komitəsinin sədri Nihad Əliyev Dünya
Bankının dövlət sektoru üzrə nümayəndəsi, “Mütərəqqi ədliyyə xidmətləri və
müasir məhkəmə infrastrukturu” layihəsinin tapşırıq üzrə qrup rəhbəri Eva
Melisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşü giriş sözü ilə
açan Ş.Məmmədov qonaqları ARVK-nın sədri Anar Bağırovun adından salamlayaraq əməkdaşlıq
sahəsində Dünya Bankının keçirdiyi layihələrin kifayət qədər uğurlu olduğunu, o
cümlədən Bankın vəkillikdə İKT-nin tətbiqinə təkan verdikləri üçün qonaqlara
minnətdarlığını ifadə edib.
O, ARVK tərəfindən
yaradılan, sonradan Dünya Bankının birgə əməkdaşlığı çərçivəsində təkmilləşdirilən
“Elektron vəkil orderi” sisteminin artıq respublika üzrə fəaliyyətə
başladığını, bu sistemin vəkillər və ictimaiyyət tərəfindən maraqla
qarşılandığını, habelə getdikcə İKT mütəxəssisləri sayəsində təkmilləşdirildiyini
söyləyib.
Daha sonra, E.Melis
çıxışında Dünya Bankının sözügedən layihəsinin yekunlaşmaq üzrə olduğunu bildirərək,
ARVK ilə sıx əməkdaşlıqdan məmnun qaldıqlarını və Kollegiyanın bu sahədə atdığı
addımları yüksək qiymətləndirdiklərini dilə gətirib.
Görüşdə N.Əliyev
elektron xidmətlər sahəsində görülən işlərin hesabatlılığını təqdim edərək,
“Elektron vəkil orderi”, e-müqavilə və digər e-xidmətlərin faydalarından söz
açıb, bu sistem barədə ümumi məlumat verib və onların effektivliyini diqqətə
çatdırıb.
Eyni zamanda, görüşdə layihə başa çatandan sonra da gələcək əməkdaşlığın davam etdiriləcəyinə ümid edildiyi vurğulanıb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.