Cari ilin aprel ayının 25-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədr müavini - Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov, Baş katib Bayram Orucov və “Elektron vəkillik" Komitəsinin sədri Nihad Əliyev Dünya Bankının dövlət sektoru üzrə nümayəndəsi, “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsinin tapşırıq üzrə qrup rəhbəri Eva Melisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşü giriş sözü ilə açan Ş.Məmmədov qonaqları ARVK-nın sədri Anar Bağırovun adından salamlayaraq əməkdaşlıq sahəsində Dünya Bankının keçirdiyi layihələrin kifayət qədər uğurlu olduğunu, o cümlədən Bankın vəkillikdə İKT-nin tətbiqinə təkan verdikləri üçün qonaqlara minnətdarlığını ifadə edib.
O, ARVK tərəfindən yaradılan, sonradan Dünya Bankının birgə əməkdaşlığı çərçivəsində təkmilləşdirilən “Elektron vəkil orderi” sisteminin artıq respublika üzrə fəaliyyətə başladığını, bu sistemin vəkillər və ictimaiyyət tərəfindən maraqla qarşılandığını, habelə getdikcə İKT mütəxəssisləri sayəsində təkmilləşdirildiyini söyləyib.
Daha sonra, E.Melis çıxışında Dünya Bankının sözügedən layihəsinin yekunlaşmaq üzrə olduğunu bildirərək, ARVK ilə sıx əməkdaşlıqdan məmnun qaldıqlarını və Kollegiyanın bu sahədə atdığı addımları yüksək qiymətləndirdiklərini dilə gətirib.
Görüşdə N.Əliyev elektron xidmətlər sahəsində görülən işlərin hesabatlılığını təqdim edərək, “Elektron vəkil orderi”, e-müqavilə və digər e-xidmətlərin faydalarından söz açıb, bu sistem barədə ümumi məlumat verib və onların effektivliyini diqqətə çatdırıb.
Eyni zamanda, görüşdə layihə başa çatandan sonra da gələcək əməkdaşlığın davam etdiriləcəyinə ümid edildiyi vurğulanıb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.