Cari ilin aprel
ayının 26-da “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər
üzrə Milli Fəaliyyət Planı”nın icrası üzrə tədbirlər planı çərçivəsində Vəkillər
Kollegiyası və Maliyyə Monitorinq Xidmətinin birgə təşkilatçılığı ilə “Vəkillərin
ƏL/TMM sahəsində qanunvericilikdən irəli gələn öhdəlikləri” mövzusunda təlim
keçirilib.
Təlimin əvvəlində
açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının elmi katibi Mələkxanım
Rəhimova iştirakçıları Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin sədri Anar
Bağırovun adından salamlayaraq cinayət yolu ilə əldə edilmiş əmlakın
leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin
daima VK-nın diqqət mərkəzində olduğunu qeyd edib, Kollegiyanın bu sahədə həyata
keçirdiyi fəaliyyətlərdən söz açıb.
Təlimin əsas hissəsində
Maliyyə Monitorinq Xidmətinin Nəzarət və hüquq mühafizə orqanları ilə iş
departamentinin direktoru Nurlan Babayev, Nəzarət orqanları ilə iş şöbəsinin rəisi
Kifayət Nəsirli və Hüquq mühafizə orqanları ilə iş şöbəsinin böyük mütəxəssisi
Nilufər Abdullayeva tərəfindən məruzələr edilib, bu istiqamətdə vəkillərin
hüquq və öhdəlikləri təhlil olunub.
Sonra vəkillərin çoxsaylı
sualları cavablandırılıb, kazuslar təhlil edilib.
Təlimdə ümumilikdə 25 vəkil iştirak edib.