Cari ilin aprel
ayının 27-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) və Azərbaycan
Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) birgə təşkilatçılığı ilə
ARVK üzvləri üçün “Kibercinayətkarlığa qarşı mübarizədə hüquqi məsələlər və
spesifik çətinliklər” mövzusunda əyani təlim keçirilib.
Təlimin açılışında
çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru, hüquq elmləri doktoru,
professor Əmir Əliyev iştirakçıları ARVK-nın sədri Anar Bağırovun adından
salamlayıb, kibercinayətkarlıqla mübarizə sahəsində vəkillərin fəaliyyət
istiqamətlərindən söz açıb, bu sahədə mövcud beynəlxalq və milli qanunvericilik
arasında müqayisəli təhlil aparıb.
Təlimin əsas hissəsində
AKTA-nın İdarə Heyətinin sədri Elvin Balacanov kibertəhlükəsizlik mühiti, bu
istiqamətlərdə baş verən cinayətlərin yaranması əsasları, mövcud problemlər və
onlara qarşı mübarizə barədə məruzə ilə çıxış edib.
Daha sonra AKTA-nın eksperti
Orxan Abdulkərimli tərəfindən kibertəhlükəsizlik sahəsində prosessual tədbirlər
mövzusunda məruzə səsləndirilib.
Təlimin sonunda vəkillərin
sualları cavablandırılıb, iştirakçılar sertifikatlarla təltif edilib və xatirə
şəkli çəkilib.
Qeyd edək ki, təlimdə ümumilikdə 30 vəkil iştirak edib.