Cari ilin aprel ayının 27-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) birgə təşkilatçılığı ilə ARVK üzvləri üçün “Kibercinayətkarlığa qarşı mübarizədə hüquqi məsələlər və spesifik çətinliklər” mövzusunda əyani təlim keçirilib.
Təlimin açılışında çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları ARVK-nın sədri Anar Bağırovun adından salamlayıb, kibercinayətkarlıqla mübarizə sahəsində vəkillərin fəaliyyət istiqamətlərindən söz açıb, bu sahədə mövcud beynəlxalq və milli qanunvericilik arasında müqayisəli təhlil aparıb.
Təlimin əsas hissəsində AKTA-nın İdarə Heyətinin sədri Elvin Balacanov kibertəhlükəsizlik mühiti, bu istiqamətlərdə baş verən cinayətlərin yaranması əsasları, mövcud problemlər və onlara qarşı mübarizə barədə məruzə ilə çıxış edib.
Daha sonra AKTA-nın eksperti Orxan Abdulkərimli tərəfindən kibertəhlükəsizlik sahəsində prosessual tədbirlər mövzusunda məruzə səsləndirilib.
Təlimin sonunda vəkillərin sualları cavablandırılıb, iştirakçılar sertifikatlarla təltif edilib və xatirə şəkli çəkilib.
Qeyd edək ki, təlimdə ümumilikdə 30 vəkil iştirak edib.