Azərbaycan Respublikasının Vəkillər
Kollegiyası (ARVK) və Küveyt Vəkillər Kollegiyası (KVK) arasında birgə
əməkdaşlıq haqqında Memorandumun imzalanma mərasimi keçirilib.
Memorandumda Küveytdə yaşayan
azərbaycanlıların və Azərbaycanda yaşayan küveytlilərin hüquqlarının səmərəli
müdafiəsi ilə bağlı birgə təşəbbüslərə dair müddəalar təsbit olunub.
ARVK-nın inzibati binasında keçirilən
görüşdə qonaqları salamlayan Kollegiyanın sədri, Məhkəmə-Hüquq Şurasının üzvü
Anar Bağırov rəhbərlik etdiyi qurumun fəaliyyəti, görülən işlər barədə ətraflı
məlumat verib, son illərdə digər ölkələrin Vəkillər kollegiyaları ilə
memorandumlar imzalanaraq xeyli faydalı əməkdaşlıqların əldə olunduğunu dilə
gətirib.
Eyni zamanda sədr son dövrlər vəkillikdə
informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə böyük üstünlük
verildiyini, Kollegiya tərəfindən yaradılan “Elektron vəkil orderi” sisteminin
artıq respublika üzrə fəaliyyətə başladığını, bu sistemin vəkillər və
ictimaiyyət tərəfindən maraqla qarşılandığını, habelə getdikcə İKT
mütəxəssisləri sayəsində təkmilləşdirildiyini qeyd edib.
Həmçinin Anar Bağırov son illər dövlət
başçısı tərəfindən müasir çağırışlara uyğun həyata keçirilən məhkəmə-hüquq
islahatları, ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində
görülən işlər, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, hakimlərin
fəaliyyətinin prinsipial qiymətləndirilməsi üçün işlək mexanizmlərin
yaradılması barədə qonaqları məlumatlandırıb, o cümlədən hakimlərin sosial
müdafiəsindən, məhkəmələrin təminatının yaxşılaşdırılmasından, innovativ və
rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsindən danışıb.
Mərasimdə ARVK-nın Baş katibi Bayram Orucov
təqdimatla çıxış edərək son dövrlər Kollegiyada görülən işlərin, ölkədə
aparılan məhkəmə-hüquq islahatlarının hesabatlılığını təqdim edib, ARVK-nın
beynəlxalq təşkilatlarla əlaqələrinin qurulmasından, çoxsaylı nüfuzlu
təşkilatlara üzv qəbul edilməsindən, o cümlədən sıx əməkdaşlıq çərçivəsində
ərsəyə gətirilən bir sıra layihələrdən söz açıb və əldə olunan beynəlxalq
təcrübələrin Kollegiyanın fəaliyyətindəki rolundan nümunələr gətirib.
Qəbul üçün təşəkkürünü bildirən KVK-nın
vitse-prezidenti Adnan M.Hassan ARVK ilə əməkdaşlığın qurulmasını yüksək
qiymətləndirib, habelə iki ölkə arasında qarşılıqlı əlaqələrdən söz açıb. O,
səfərin məqsədi və görüşün əhəmiyyəti barədə ətraflı məlumat verib, ARVK ilə
sıx əməkdaşlığın vəkillərin beynəlxalq təcrübəni öyrənmələrində böyük rol
oynayacağını söyləyib.
Sonra görüşdə qarşılıqlı maraq doğuran
məsələlər üzrə fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq barədə təkliflər
səsləndirilib.
Yekunda hər iki tərəf bir-birinə xatirə
hədiyyəsi təqdim edib.
Mərasimdən sonra qonaqlar “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun (VB) inzibati binası ilə tanış olub, VB-nin fəaliyyəti barədə ətraflı məlumatlandırılıb. VB müdiri Kamandar Nəsibov nəzərə çatdırıb ki, hazırda büroda 100-dən artıq ölkədən vəkil cübbələri (mantiyaları) toplanıb, ARVK-nın dəstəyi ilə dünyada ilk dəfə “Dünya vəkil cübbələri və atributları” sərgisi keçirilib və muzeyi yaradılıb. VB-də yerləşən həmin muzeydə vəkillik və ədliyyə tarixinə dair medallar, ordenlər, döş nişanları, markalar və pul əsginasları da daxil olmaqla, ümumilikdə 10 minə yaxın eksponat yer alır.