Cari ilin iyun ayının 8-də Vəkillər
Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Hüquqda tibb, yoxsa tibbdə
hüquq?” mövzusunda hibrit təlim keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən
Vəkillər Kollegiyası Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor
Əmir Əliyev iştirakçıları Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar
Bağırovun adından salamlayıb, təlimin işinə uğurlar arzulayıb.
Professor çıxışında ölkədə tibb hüququnun
inkişafından söz açıb, bu sahədə aktual problemləri vurğulayıb, beynəlxalq və
milli qanunvericiliyin müqayisəli təhlilini aparıb.
Təlimin əsas hissəsində Azərbaycan Tibb
Universitetinin Məhkəmə təbabəti kafedrasının professoru, tibb elmləri doktoru,
hüquq elmləri doktoru, professor, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya
Agentliyinin İdarə Heyətinin sədr müavini, Dünya Tibbi Hüquq Assosiasiyasının
İdarə Heyətinin üzvü, İpək Yolu Ölkələrinin Məhkəmə Ekspertizaları
Konsortsiumunun vitse-prezidenti Vüqar Məmmədov tərəfindən “Tibb hüququ və
məhkəmə təbabəti”, “Tibb hüququ və məhkəmə tibbi ekspertiza sahəsində mövcud
beynəlxalq təcrübə”, “Prosesdə sübutların əldə olunması və ekspertin rolu
(Haaqa Beynəlxalq Məhkəməsi təcrübəsi əsasında)”, “Tibb ilə hüququn kəsişdiyi
sahələrdə vəkilin əsas öhdəlikləri” mövzularında mühazirələr edilib.
Sonda vəkillərin müvafiq sahədə çoxsaylı
sualları cavablandırılıb və xatirə şəkli çəkilib.
Təlimdə əyani qaydada Vəkillər Kollegiyasının 29, onlayn qaydada isə 33 üzvü iştirak edib.