100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillərə “Hüquqda tibb, yoxsa tibbdə hüquq?” mövzusunda təlim keçirilib

10 June 2024    456 share share

Cari ilin iyun ayının 8-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Hüquqda tibb, yoxsa tibbdə hüquq?” mövzusunda hibrit təlim keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırovun adından salamlayıb, təlimin işinə uğurlar arzulayıb.

Professor çıxışında ölkədə tibb hüququnun inkişafından söz açıb, bu sahədə aktual problemləri vurğulayıb, beynəlxalq və milli qanunvericiliyin müqayisəli təhlilini aparıb.

Təlimin əsas hissəsində Azərbaycan Tibb Universitetinin Məhkəmə təbabəti kafedrasının professoru, tibb elmləri doktoru, hüquq elmləri doktoru, professor, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini, Dünya Tibbi Hüquq Assosiasiyasının İdarə Heyətinin üzvü, İpək Yolu Ölkələrinin Məhkəmə Ekspertizaları Konsortsiumunun vitse-prezidenti Vüqar Məmmədov tərəfindən “Tibb hüququ və məhkəmə təbabəti”, “Tibb hüququ və məhkəmə tibbi ekspertiza sahəsində mövcud beynəlxalq təcrübə”, “Prosesdə sübutların əldə olunması və ekspertin rolu (Haaqa Beynəlxalq Məhkəməsi təcrübəsi əsasında)”, “Tibb ilə hüququn kəsişdiyi sahələrdə vəkilin əsas öhdəlikləri” mövzularında mühazirələr edilib.

Sonda vəkillərin müvafiq sahədə çoxsaylı sualları cavablandırılıb və xatirə şəkli çəkilib.

Təlimdə əyani qaydada Vəkillər Kollegiyasının 29, onlayn qaydada isə 33 üzvü iştirak edib.