Dövlət Gömrük Komitəsinin Akademiyası
2023/2024-cü tədris ili üzrə “Məzun günü” keçirib.
Tədbir ölkəmizin ərazi bütövlüyünün təmin
edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinin
bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət
Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Dövlət Gömrük
Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov ölkəmizdə
elm və təhsil sahəsinə göstərilən dövlət qayğısından, 2014-cü ildə fəaliyyətə
başlayan Akademiyada müasir dövrün tələblərinə cavab verən yüksək ixtisaslı
kadr hazırlığından və tələbələr üçün yaradılan imkanlardan söz açıb. Bildirilib
ki, müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyev tərəfindən
bütün sahələrdə olduğu kimi, gömrük sisteminin qurulması və inkişafı məqsədilə
müəyyənləşdirilən strateji hədəflər, Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin bu istiqamətdə reallaşdırdığı düşünülmüş, məqsədyönlü
siyasət gömrük orqanlarının ölkəmizin
milli və iqtisadi təhlükəsizliyinin qorunmasında əhəmiyyətli rola malik olan mühüm dövlət təsisatlarından
biri kimi formalaşmasına şərait yaratdı.
Sonda vətənpərvər övladlar yetişdirən bütün
şəhid anaları başda olmaqla, Akademiyanın professor-müəllim heyətinə,
məzunların valideynlərinə təşəkkür ifadə olunub, məzun adını qazanmış bütün
tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Sonra Dövlət Gömrük Akademiyasının rəisi
Qulu Novruzov çıxış edib.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxışında ölkəmizdə təhsilə göstərilən hərtərəfli dövlət qayğısından bəhs edib, Dövlət Gömrük Komitəsinin Akademiyasında yaradılan şəraitin, əldə olunan nəticələrin də bunun bariz nümunəsi olduğunu vurğulayıb və məzunlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu edib. Həmçinin Anar Bağırov çıxışında söyləyib ki, Kollegiya ölkədə Hüquq fakültələri olan bütün universitetlər ilə sıx əməkdaşlıq edir, Gömrük Akademiyası da bu sırada xüsusi bir yer tutur. Vəkillər Kollegiyasının dəstəyi ilə hər il təşkil edilən yay və qış hüquq məktəblərinə Gömrük Akademiyasından da tələbələrinin qatıldığını xatırladan sədr sıx əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini ifadə edib.
Tədbirdə çıxış edən Vətən Müharibəsi Qəhrəmanı
şəhid mayor Elçin Mansurovun anası Məleykə Məcidova məzunları təbrik edərək
daim qazi və şəhid ailələrinin yanında olan Akademiya kollektivinə təşəkkürünü
bildirib.
Müəllimlər, valideynlər və məzunlar da
çıxış edərək Gömrük Akademiyasında müasir təhsil metodları əsasında hərtərəfli
biliklərə yiyələnən mütəxəssislərin hazırlandığını, bu təhsil ocağının
ölkəmizin təhsil sisteminə mühüm töhfələr verdiyini bildiriblər.
Daha sonra Kollegiyanın sədri Anar Bağırov Akademiyanı
bitirən tələbələrə məzun vərəqələrini təqdim edib. Eyni zamanda yüksək akademik
göstəricilərinə görə məzunlardan ixtisas və Akademiya birinciləri təltif olunub.
Qeyd edək ki, 2023/2024-cü tədris ili üzrə
Akademiyanı bakalavriat səviyyəsi üzrə 146, magistratura üzrə 9 nəfər bitirib.
Sonda məzunların hazırladığı musiqili kompozisiya nümayiş etdirilib.