Dövlət Gömrük Komitəsinin Akademiyası 2023/2024-cü tədris ili üzrə “Məzun günü” keçirib.
Tədbir ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov ölkəmizdə elm və təhsil sahəsinə göstərilən dövlət qayğısından, 2014-cü ildə fəaliyyətə başlayan Akademiyada müasir dövrün tələblərinə cavab verən yüksək ixtisaslı kadr hazırlığından və tələbələr üçün yaradılan imkanlardan söz açıb. Bildirilib ki, müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi, gömrük sisteminin qurulması və inkişafı məqsədilə müəyyənləşdirilən strateji hədəflər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu istiqamətdə reallaşdırdığı düşünülmüş, məqsədyönlü siyasət gömrük orqanlarının ölkəmizin milli və iqtisadi təhlükəsizliyinin qorunmasında əhəmiyyətli rola malik olan mühüm dövlət təsisatlarından biri kimi formalaşmasına şərait yaratdı.
Sonda vətənpərvər övladlar yetişdirən bütün şəhid anaları başda olmaqla, Akademiyanın professor-müəllim heyətinə, məzunların valideynlərinə təşəkkür ifadə olunub, məzun adını qazanmış bütün tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Sonra Dövlət Gömrük Akademiyasının rəisi Qulu Novruzov çıxış edib.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxışında ölkəmizdə təhsilə göstərilən hərtərəfli dövlət qayğısından bəhs edib, Dövlət Gömrük Komitəsinin Akademiyasında yaradılan şəraitin, əldə olunan nəticələrin də bunun bariz nümunəsi olduğunu vurğulayıb və məzunlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu edib. Həmçinin Anar Bağırov çıxışında söyləyib ki, Kollegiya ölkədə Hüquq fakültələri olan bütün universitetlər ilə sıx əməkdaşlıq edir, Gömrük Akademiyası da bu sırada xüsusi bir yer tutur. Vəkillər Kollegiyasının dəstəyi ilə hər il təşkil edilən yay və qış hüquq məktəblərinə Gömrük Akademiyasından da tələbələrinin qatıldığını xatırladan sədr sıx əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini ifadə edib.
Tədbirdə çıxış edən Vətən Müharibəsi Qəhrəmanı şəhid mayor Elçin Mansurovun anası Məleykə Məcidova məzunları təbrik edərək daim qazi və şəhid ailələrinin yanında olan Akademiya kollektivinə təşəkkürünü bildirib.
Müəllimlər, valideynlər və məzunlar da çıxış edərək Gömrük Akademiyasında müasir təhsil metodları əsasında hərtərəfli biliklərə yiyələnən mütəxəssislərin hazırlandığını, bu təhsil ocağının ölkəmizin təhsil sisteminə mühüm töhfələr verdiyini bildiriblər.
Daha sonra Kollegiyanın sədri Anar Bağırov Akademiyanı bitirən tələbələrə məzun vərəqələrini təqdim edib. Eyni zamanda yüksək akademik göstəricilərinə görə məzunlardan ixtisas və Akademiya birinciləri təltif olunub.
Qeyd edək ki, 2023/2024-cü tədris ili üzrə Akademiyanı bakalavriat səviyyəsi üzrə 146, magistratura üzrə 9 nəfər bitirib.
Sonda məzunların hazırladığı musiqili kompozisiya nümayiş etdirilib.