Azərbaycanda I Milli
Rəqabət Forumu keçirilib.
Tədbirdə rəqabət
sahəsində təkmilləşdirilən qanunvericilik aktları və institusional islahatlar
barədə məlumat verilib, rəqabət problemlərinə dair effektiv tənzimləmə üsulları
və hüquqi alətlər ətrafında müzakirələr aparılıb.
İqtisadiyyat Nazirliyi
yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşəbbüsü
ilə ölkədə ilk dəfə Milli Rəqabət Forumu keçirilib. Tədbirdə Vəkillər
Kollegiyasının sədri Anar Bağırov, sədr müavini Şahmar Məmmədov, millət
vəkilləri, məhkəmə orqanlarının nümayəndələri, dövlət qurumları, biznes
assosiasiyaları və özəl sektorun təmsilçiləri, ali təhsil müəssisələrinin
nümayəndələri və digər maraqlı tərəflər iştirak ediblər.
Forum ölkədə rəqabət
sahəsində təkmilləşdirilən qanunvericilik aktları və institusional islahatlar,
rəqabətədavamlı iqtisadiyyatın inkişafı, o cümlədən rəqabət problemlərinə dair
effektiv tənzimləmə üsulları və hüquqi alətlər ətrafında müzakirələrin aparılması
məqsədilə təşkil olunub.
Tədbirin açılışında
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir
Mirkişili, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov, iqtisadiyyat nazirinin
müavini Anar Axundov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin
rəisi Məmməd Abbasbəyli və “Deloitte Azərbaycan”ın idarəedici partnyoru Nuran
Kərimovun çıxışları dinlənilib.
Forum çərçivəsində
ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030:
sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də öz əksini tapan
dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasının əsas
istiqamətlərdən biri kimi müəyyən olunması diqqətə çatdırılıb. Bu xüsusda, cari
ilin 1 iyul tarixindən qüvvəyə minmiş Rəqabət Məcəlləsinin ölkəmizin
sosial-iqtisadi inkişaf məqsədlərinin reallaşmasına xidmət edən islahatlar
sırasında xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Rəqabət və istehlakçı
hüquqlarının müdafiəsi sahələrində istehlakçıların və bazar subyektlərinin
müraciətlərinin qəbulu, emalı və çevik sənəd mübadiləsinin elektron qaydada
əlçatanlığını təmin etmək üçün yaxın gələcəkdə yaradılması nəzərdə tutulan
Elektron Rəqabət İnformasiya Sisteminin önəmi qeyd olunub.
Forum panel
müzakirələri ilə davam etdirilib. “Rəqabət siyasətinin iqtisadiyyata təsiri”
mövzusunda paneldə moderatorluğu Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev
edib. Milli Məclisin deputatı Vüqar Bayramov, Azərbaycan Dövlət İqtisad
Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Respublikası Elm və Təhsil
Nazirliyi İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov, “PAŞA” Holdinqin
aparat rəhbəri Dəyanət Sədullayev və Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri Ziya
Hacılının iştirakı ilə panel müzakirələri keçirilib.
Daha sonra Dövlət
Xidmətinin aparat rəhbəri Tural İsmayılovun moderatorluğu ilə keçirilən
“Məhkəmə-hüquq sisteminin rəqabət siyasətinin icrasında rolu” panelində
Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri Xəqani
Məmmədov, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı
direktoru Samir Mahmudov, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının
sədr müavini Şahmar Məmmədov və “Dentons” beynəlxalq hüquq şirkətinin Bakı
İdarəsinin tərəfdaşı Kamil Vəliyevin çıxışları dinlənilib.
Vəkillər
Kollegiyasının sədr müavini Şahmar Məmmədov çıxışında iştirakçıları
Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb, Forumun işinə uğurlar
arzulayıb. Nəzərə çatdırıb ki, Rəqabət qanunvericiliyini əhatə edən Forumun
keçirilməsi bütün cəmiyyət üçün əhəmiyyətlidir. Burada sahibkarların hüquq və
vəzifələrinə, bazar iqtisadiyyatı, o cümlədən istehlakçıların mənafeyinə
toxunan məsələlər öz əksini tapıb. Vəkillər Kollegiyası tərəfindən vəkillərin
daim öz üzərində nəzəri və təcrübi biliklərinin artırılması ilə bağlı vaxtaşırı
təlimlər, tədbirlər və konfranslar keçirilir. Burada Rəqabət qanunvericiliyini
ilə bağlı keçirilən təlim və tədbirləri də qeyd etmək olar. Eyni zamanda
Vəkillər Kollegiyası Akademiyası tərəfindən də bu cür tədbirlər təşkil etdirilir
və gələcəkdə də geniş sürətdə inkişaf etdiriləcək. Həmçinin Kollegiyanın Biznes
Hüququ Komitəsində də biznes və kommersiya sahəsində kifayət qədər təcrübə
toplamış vəkillər əhatə olunub. Həmin vəkillər də Rəqabət qanunvericiliyi ilə
bağlı tədbirlərin keçirilməsində iştirak edirlər.
Antiinhisar və
İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti ilə səmərəli əməkdaşlığa toxunan
sədr müavini qeyd edib ki, hər iki qurum birgə təlim, tədbir, konfranslar
keçirib, paytaxt və regionlarda pulsuz hüquqi yardım aksiyaları təşkil edib.
Rəqabət Məcəlləsini
yüksək qiymətləndirdiyini deyən Şahmar Məmmədov qeyd edib ki, bu istiqamətdə
sahibkarlar və iş adamları mütləq qaydada peşəkar hüquqi yardımdan
yararlanmalıdırlar. Bu, öncə sahibkarların mənafeyinə xidmət etməklə, bazar
iqtisadiyyatının inkişafına, o cümlədən Rəqabət və məhkəmə orqanlarının iş
yükünün azalmasına xidmət edir.
Həmçinin sədr müavini
peşəkar hüquqi yardımdan istifadə olunduğu təqdirdə, həmin şəxslərin gələcəkdə
lüzumsuz cərimələrdən, sanksiyalardan kənarda qalmasına xidmət etdiyini
vurğulayıb.
Panel müzakirələri zamanı rəqabət siyasətinin iqtisadi inkişafa töhfəsi, rəqabət mədəniyyətinin formalaşması, rəqabət orqanının müasir çağırışlar fonunda rolu, işğaldan azad edilmiş ərazilərdə rəqabət siyasətinin tətbiqi xüsusiyyətləri, bazar subyektlərinin Rəqabət Məcəlləsinin tətbiqindən gözləntiləri, yeni rəqabət qanunvericiliyin sahibkarlara verdiyi imkanlar, vəkillərin sahibkarların hüquqlarının qorunması istiqamətində atdığı addımlar, elm və təhsil müəssisələrinin rəqabət siyasətinin icrasında rolu və rəqabət qanunvericiliyinə əməl edilməsinə nəzarət tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.