Azərbaycanda I Milli Rəqabət Forumu keçirilib.
Tədbirdə rəqabət sahəsində təkmilləşdirilən qanunvericilik aktları və institusional islahatlar barədə məlumat verilib, rəqabət problemlərinə dair effektiv tənzimləmə üsulları və hüquqi alətlər ətrafında müzakirələr aparılıb.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşəbbüsü ilə ölkədə ilk dəfə Milli Rəqabət Forumu keçirilib. Tədbirdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov, sədr müavini Şahmar Məmmədov, millət vəkilləri, məhkəmə orqanlarının nümayəndələri, dövlət qurumları, biznes assosiasiyaları və özəl sektorun təmsilçiləri, ali təhsil müəssisələrinin nümayəndələri və digər maraqlı tərəflər iştirak ediblər.
Forum ölkədə rəqabət sahəsində təkmilləşdirilən qanunvericilik aktları və institusional islahatlar, rəqabətədavamlı iqtisadiyyatın inkişafı, o cümlədən rəqabət problemlərinə dair effektiv tənzimləmə üsulları və hüquqi alətlər ətrafında müzakirələrin aparılması məqsədilə təşkil olunub.
Tədbirin açılışında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov, iqtisadiyyat nazirinin müavini Anar Axundov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və “Deloitte Azərbaycan”ın idarəedici partnyoru Nuran Kərimovun çıxışları dinlənilib.
Forum çərçivəsində ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də öz əksini tapan dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasının əsas istiqamətlərdən biri kimi müəyyən olunması diqqətə çatdırılıb. Bu xüsusda, cari ilin 1 iyul tarixindən qüvvəyə minmiş Rəqabət Məcəlləsinin ölkəmizin sosial-iqtisadi inkişaf məqsədlərinin reallaşmasına xidmət edən islahatlar sırasında xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Rəqabət və istehlakçı hüquqlarının müdafiəsi sahələrində istehlakçıların və bazar subyektlərinin müraciətlərinin qəbulu, emalı və çevik sənəd mübadiləsinin elektron qaydada əlçatanlığını təmin etmək üçün yaxın gələcəkdə yaradılması nəzərdə tutulan Elektron Rəqabət İnformasiya Sisteminin önəmi qeyd olunub.
Forum panel müzakirələri ilə davam etdirilib. “Rəqabət siyasətinin iqtisadiyyata təsiri” mövzusunda paneldə moderatorluğu Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev edib. Milli Məclisin deputatı Vüqar Bayramov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov, “PAŞA” Holdinqin aparat rəhbəri Dəyanət Sədullayev və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri Ziya Hacılının iştirakı ilə panel müzakirələri keçirilib.
Daha sonra Dövlət Xidmətinin aparat rəhbəri Tural İsmayılovun moderatorluğu ilə keçirilən “Məhkəmə-hüquq sisteminin rəqabət siyasətinin icrasında rolu” panelində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov və “Dentons” beynəlxalq hüquq şirkətinin Bakı İdarəsinin tərəfdaşı Kamil Vəliyevin çıxışları dinlənilib.
Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov çıxışında iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb, Forumun işinə uğurlar arzulayıb. Nəzərə çatdırıb ki, Rəqabət qanunvericiliyini əhatə edən Forumun keçirilməsi bütün cəmiyyət üçün əhəmiyyətlidir. Burada sahibkarların hüquq və vəzifələrinə, bazar iqtisadiyyatı, o cümlədən istehlakçıların mənafeyinə toxunan məsələlər öz əksini tapıb. Vəkillər Kollegiyası tərəfindən vəkillərin daim öz üzərində nəzəri və təcrübi biliklərinin artırılması ilə bağlı vaxtaşırı təlimlər, tədbirlər və konfranslar keçirilir. Burada Rəqabət qanunvericiliyini ilə bağlı keçirilən təlim və tədbirləri də qeyd etmək olar. Eyni zamanda Vəkillər Kollegiyası Akademiyası tərəfindən də bu cür tədbirlər təşkil etdirilir və gələcəkdə də geniş sürətdə inkişaf etdiriləcək. Həmçinin Kollegiyanın Biznes Hüququ Komitəsində də biznes və kommersiya sahəsində kifayət qədər təcrübə toplamış vəkillər əhatə olunub. Həmin vəkillər də Rəqabət qanunvericiliyi ilə bağlı tədbirlərin keçirilməsində iştirak edirlər.
Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti ilə səmərəli əməkdaşlığa toxunan sədr müavini qeyd edib ki, hər iki qurum birgə təlim, tədbir, konfranslar keçirib, paytaxt və regionlarda pulsuz hüquqi yardım aksiyaları təşkil edib.
Rəqabət Məcəlləsini yüksək qiymətləndirdiyini deyən Şahmar Məmmədov qeyd edib ki, bu istiqamətdə sahibkarlar və iş adamları mütləq qaydada peşəkar hüquqi yardımdan yararlanmalıdırlar. Bu, öncə sahibkarların mənafeyinə xidmət etməklə, bazar iqtisadiyyatının inkişafına, o cümlədən Rəqabət və məhkəmə orqanlarının iş yükünün azalmasına xidmət edir.
Həmçinin sədr müavini peşəkar hüquqi yardımdan istifadə olunduğu təqdirdə, həmin şəxslərin gələcəkdə lüzumsuz cərimələrdən, sanksiyalardan kənarda qalmasına xidmət etdiyini vurğulayıb.
Panel müzakirələri zamanı rəqabət siyasətinin iqtisadi inkişafa töhfəsi, rəqabət mədəniyyətinin formalaşması, rəqabət orqanının müasir çağırışlar fonunda rolu, işğaldan azad edilmiş ərazilərdə rəqabət siyasətinin tətbiqi xüsusiyyətləri, bazar subyektlərinin Rəqabət Məcəlləsinin tətbiqindən gözləntiləri, yeni rəqabət qanunvericiliyin sahibkarlara verdiyi imkanlar, vəkillərin sahibkarların hüquqlarının qorunması istiqamətində atdığı addımlar, elm və təhsil müəssisələrinin rəqabət siyasətinin icrasında rolu və rəqabət qanunvericiliyinə əməl edilməsinə nəzarət tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.