Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

VƏKİLLƏRİN İNTİZAM KOMİSSİYASININ ÜZVLƏRİ ALMANİYANIN İNTİZAM İCRAATI ÜZRƏ STANDARTLARI İLƏ TANIŞ OLUBLAR

10 sentyabr 2018    4066 share share

Bugün Vəkillər Kollegiyası Rəyasət Heyətinin binasında Vəkillərin İntizam Komissiyasının üzvləri üçün “Almaniyada vəkillərə münasibətdə intizam icraatının bəzi xüsusiyyətləri və bu sahədə Avropa standartları” mövzusunda seminar keçirilmişdir. İnteraktiv şəkildə keçirilən seminarda məruzəçi qismində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) peşəkar eksperti, Almaniyanın Hessen vilayətinin Vəkillər Palatasının üzvü, professor Rudolf Lauda iştirak etmişdir.

Tədbirdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə Vəkillər Kollegiyası arasında yaranmış sıx əməkdaşlıq əlaqələrinin əhəmiyyəti, GİZ tərəfindən həyata keçirilən tədbirlərin, seminarların vəkillər üçün faydası, o cümlədən GİZ-in Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarına verdiyi dəstəyin önəmini vurğulamışdır.

Tədbirdə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” Regional Proqramının rəhbəri Tomas Meyer Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə indiyə qədər səmərəli əməkdaşlıq qurulduğunu qeyd etmiş, bundan sonra da əməkdaşlığın davam etdirilərək möhkəmləndiriləcəyinə əmin olduğunu bildirmişdir.

Daha sonra professor Rudolf Lauda tərəfindən təqdimat çərçivəsində mühazirə deyilmiş, alman vəkillər palatalarında vəkillər barəsində şikayətlərə baxılmasının əsasları, intizam icraatının başlanılması, icraatın sonrakı mərhələləri, intizam tənbeh tədbiri barədə qərarlar və digər mövzular ətrafında müzakirələr aparılmış, Komissiya üzvlərini maraqlandıran suallar cavablandırılmışdır.