Milli Məclisə sentyabrın 1-də keçiriləcək
növbədənkənar seçkilərlə bağlı ölkəmizdə səfərdə olan ATƏT-in Demokratik
Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının
(SMM) nümayəndəsi - həmin qurumun hüquqi təhlilçisi Branislav Soloviç ilə
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasında (ARVK) görüş keçirilib.
Qonaqları salamlayan Kollegiyanın sədri
Anar Bağırov ARVK-nın son illərdəki fəaliyyəti, görülən işlər barədə ətraflı
məlumat verib, müxtəlif yerli və beynəlxalq təşkilatlarla birgə həyata
keçirilən layihələrdən söz açıb, bu istiqamətdə xeyli faydalı əməkdaşlıqların
əldə olunduğunu bildirib.
Görüşdə ARVK-nın Baş katibi Orxan Babayev
təqdimatla çıxış edərək Kollegiyada görülən işlərin dövrlər üzrə hesabatını
təqdim edib, ARVK-nın vəkillərin davamlı tədrisə cəlb edilməsində rolu, həssas
əhali qruplarına göstərilən pulsuz hüquqi yardım, tələbələrə dəstək, habelə
beynəlxalq və yerli tədbirlər haqqında danışıb.
Daha sonra SMM-in hüquqi təhlilçisi
Branislav Soloviç Missiyasının məqsədi, fəaliyyəti barədə məlumat verib,
Azərbaycana səfərlərinin və keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb.
Eyni zamanda görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub, qonağı maraqlandıran mövzulara aydınlıq gətirilib.