Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı
ilə həyata keçirilən “Vəkildən tələbəyə” layihəsi üzrə cari il sentyabrın 14-də
hüquqşünas tələbələr üçün “Müqavilə hüququ” mövzusunda ilk əyani təlim təşkil
edilib.
Təlimdə açılış nitqi ilə çıxış edən
Vəkillər Kollegiyası Akademiyasının rektoru Əmir Əliyev iştirakçıları Vəkillər
Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırovun adından salamlayıb,
Kollegiyanın daim tələbələrə göstərdiyi diqqət və qayğı barədə söz açıb.
Qeyd olunub ki, Vəkillər Kollegiyasının
uğurlu layihələrindən biri hesab olunan “Vəkildən tələbəyə” layihəsi vəkillərin
müvafiq sahələrdəki təcrübələrini tələbələrə ötürmələrinə şərait yaradacaqdır.
Belə ki, layihənin həyata keçirilməsində əsas məqsəd tələbələrin hüququn
müxtəlif sahələrinə uyğun bilik və təcrübələrə yiyələnmələri, onların vəkillik
fəaliyyəti ilə, eyni zamanda Vəkillər Kollegiyasının beynəlxalq və milli
sferadakı fəaliyyəti, peşəkar hüquqi yardımın göstərilməsində müxtəlif qurumlar
arasında olan əlaqələrin yaradılması prosesi ilə tanış olmalarından ibarətdir.
Bununla belə, layihə istiqamətində müxtəlif aktual mövzulara dair uzunmüddətli
təlimlərin təşkili Akademiyanın qarşısında duran əsas vəzifələrdəndir.
Həmçinin professor "Azərbaycan Vəkili”
elmi-praktik hüquq jurnalının elmi əhəmiyyəti barədə tələbələri məlumatlandırıb.
Təlimin əsas hissəsində Vəkillər
Kollegiyasının üzvü, “CSS Konsaltinq” şirkətinin rəhbəri Nuridə İbrahimova
müqavilə və onun əsas elementləri, onu etibarsız edən şərtlər, o cümlədən mövzu
üzrə digər nəzəri və praktiki məsələlər, mövcud məhkəmə praktikasında
müqavilələrin tətbiqi barədə çıxış edib.
Təlimçi tələbələri maraqlandıran bir çox
sualları ətraflı cavablandırıb və onlara öz tövsiyələrini verib.
Sonda təlimdə iştirak edən tələbələrə
sertifikatlar təqdim olunub və xatirə şəkli çəkilib.
Qeyd edək ki, təlimdə ölkənin müxtəlif universitet və Akademiyalarında (Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası) təhsil alan 29 hüquqşünas tələbə iştirak edib.