100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Tələbələrə “Vəkildən tələbəyə” layihəsi üzrə “Müqavilə hüququ” mövzusunda təlim keçirilib

17 September 2024    445 share share

Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə həyata keçirilən “Vəkildən tələbəyə” layihəsi üzrə cari il sentyabrın 14-də hüquqşünas tələbələr üçün “Müqavilə hüququ” mövzusunda ilk əyani təlim təşkil edilib.

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru Əmir Əliyev iştirakçıları Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırovun adından salamlayıb, Kollegiyanın daim tələbələrə göstərdiyi diqqət və qayğı barədə söz açıb.

Qeyd olunub ki, Vəkillər Kollegiyasının uğurlu layihələrindən biri hesab olunan “Vəkildən tələbəyə” layihəsi vəkillərin müvafiq sahələrdəki təcrübələrini tələbələrə ötürmələrinə şərait yaradacaqdır. Belə ki, layihənin həyata keçirilməsində əsas məqsəd tələbələrin hüququn müxtəlif sahələrinə uyğun bilik və təcrübələrə yiyələnmələri, onların vəkillik fəaliyyəti ilə, eyni zamanda Vəkillər Kollegiyasının beynəlxalq və milli sferadakı fəaliyyəti, peşəkar hüquqi yardımın göstərilməsində müxtəlif qurumlar arasında olan əlaqələrin yaradılması prosesi ilə tanış olmalarından ibarətdir. Bununla belə, layihə istiqamətində müxtəlif aktual mövzulara dair uzunmüddətli təlimlərin təşkili Akademiyanın qarşısında duran əsas vəzifələrdəndir.

Həmçinin professor "Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının elmi əhəmiyyəti barədə tələbələri məlumatlandırıb.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, “CSS Konsaltinq” şirkətinin rəhbəri Nuridə İbrahimova müqavilə və onun əsas elementləri, onu etibarsız edən şərtlər, o cümlədən mövzu üzrə digər nəzəri və praktiki məsələlər, mövcud məhkəmə praktikasında müqavilələrin tətbiqi barədə çıxış edib.

Təlimçi tələbələri maraqlandıran bir çox sualları ətraflı cavablandırıb və onlara öz tövsiyələrini verib.

Sonda təlimdə iştirak edən tələbələrə sertifikatlar təqdim olunub və xatirə şəkli çəkilib.

Qeyd edək ki, təlimdə ölkənin müxtəlif universitet və Akademiyalarında (Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası) təhsil alan 29 hüquqşünas tələbə iştirak edib.