Oktyabrın 15-də Azərbaycan Respublikası
Vəkillər Kollegiyasının (ARVK) Hüquqi Yardım Mərkəzində Rusiyanın İrkutsk
əyalətinin Vəkillər Palatasının prezidenti Oleq Smirnovun başçılıq etdiyi nümayəndə
heyəti ilə görüş keçirilib.
Görüşdə qonaqları salamlayan Kollegiyanın
sədri Anar Bağırov rəhbərlik etdiyi qurumun fəaliyyəti, görülən işlər barədə
ətraflı məlumat verib, müxtəlif yerli və beynəlxalq təşkilatlarla birgə həyata
keçirilən layihələrdən danışıb, bu istiqamətdə xeyli faydalı əməkdaşlıqların
əldə olunduğunu qeyd edib.
Həmçinin sədr son dövrlər vəkillikdə
informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə böyük üstünlük
verildiyini bildirib, Kollegiya tərəfindən yaradılan “Elektron vəkil orderi”
sisteminin fəaliyyətindən söz açıb, habelə getdikcə İKT mütəxəssisləri
sayəsində təkmilləşdirildiyini söyləyib.
Hüquqi Yardım Mərkəzində və Vəkillər
Kollegiyası Akademiyasında görülən işlərə toxunan Anar Bağırov vurğulayıb ki,
son dövrlər ARVK tərəfindən həssas əhali qruplarına aid edilən şəxslərə pulsuz
hüquqi yardımlar göstərilir, o cümlədən vəkillər davamlı tədrisə cəlb edilir.
Görüşdə ARVK Aparatının Beynəlxalq
əməkdaşlıq şöbəsinin müdiri Gözəl Hüseynzadə son illər Kollegiyada qeyd olunan
istiqamətlərdə görülən işlər, aparılan islahatlar, vəkillik fəaliyyətinin
nüfuzunun artırılması və bu sahədə müsbət nəticələrin əldə edilməsi barədə
təqdimatla çıxış edərək təfərrüatlı məlumatları qonaqların diqqətinə çatdırıb.
Sonra İrkutsk əyalətinin Vəkillər
Palatasının prezidenti Oleq Smirnov ilk görüşdən məmnun olduqlarını və
Kollegiyanın bu sahədə atdığı addımları yüksək qiymətləndirdiklərini ifadə
edib.
Görüşün davamında fikir mübadiləsi
aparılıb, gələcək əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir sıra digər
məsələlər müzakirə edilib, suallar cavablandırılıb.
Görüşdən sonra qonaqlar “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun (VB) inzibati binası ilə tanış olub, VB-nin fəaliyyəti barədə ətraflı məlumatlandırılıb. VB müdiri Kamandar Nəsibov nəzərə çatdırıb ki, hazırda büroda 100-dən artıq ölkədən vəkil cübbələri (mantiyaları) toplanıb, ARVK-nın dəstəyi ilə dünyada ilk dəfə “Dünya vəkil cübbələri və atributları” sərgisi keçirilib və muzeyi yaradılıb. VB-də yerləşən həmin muzeydə vəkillik və ədliyyə tarixinə dair medallar, ordenlər, döş nişanları, markalar və pul əsginasları da daxil olmaqla, ümumilikdə 10 minə yaxın eksponat yer alır.