Vəkilliyə qəbul olmaq istəyən şəxslərin
nəzərinə!
Məlum olduğu kimi, “Azərbaycan
Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında”
Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı
ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına (ARVK) ixtisas
imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, ARVK-ya yeni üzvlərin
qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunub.
Sərəncamdan irəli gələn tədbirlərin davamı
olaraq, Kollegiya ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əldə olunan
razılığa əsasən, 18.12.2024-cü il tarixdə saat 10:00-da Azərbaycan
Respublikasının Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas
imtahanının test mərhələsinin keçirilməsi nəzərdə tutulub.
Belə ki, Mərkəzinin Bakı şəhəri, Süleyman
Sani Axundov küçəsi 50 ünvanında yerləşən DİM-in inzibati binasında təşkil
olunacaq imtahan kompüter vasitəsilə elektronlaşdırılmış qaydada həyata
keçiriləcək. Namizədlər buraxılış vərəqəsini imtahandan 3 gün əvvəl dim.gov.az
saytından əldə edə bilərlər.
Həmçinin namizədlərdən müəyyən olunan
vaxtdan ən geci bir saat əvvəl imtahanın keçiriləcəyi inzibati binaya şəxsiyyət
vəsiqələri və buraxılış vərəqələri ilə birlikdə yaxınlaşmaları xahiş olunur.
Əlavə olaraq bildiririk ki, hazırda sənəd
qəbulu elektron qaydada davam edir. Qeydiyyatdan keçməmiş şəxslər 8 dekabr
2024-cü il tarixədək Kollegiyanın rəsmi internet səhifəsi vasitəsilə “Vəkilliyə
qəbul” bölməsinə (https://barassociation.az/candidate-login) daxil olmaqla
açılan pəncərədən “Namizəd qeydiyyatı”na keçərək müraciət edə bilərlər.