100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı barədə məlumat

06 November 2024    1121 share share

Vəkilliyə qəbul olmaq istəyən şəxslərin nəzərinə!

Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına (ARVK) ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, ARVK-ya yeni üzvlərin qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunub.

Sərəncamdan irəli gələn tədbirlərin davamı olaraq, Kollegiya ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əldə olunan razılığa əsasən, 18.12.2024-cü il tarixdə saat 10:00-da Azərbaycan Respublikasının Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinin keçirilməsi nəzərdə tutulub.

Belə ki, Mərkəzinin Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən DİM-in inzibati binasında təşkil olunacaq imtahan kompüter vasitəsilə elektronlaşdırılmış qaydada həyata keçiriləcək. Namizədlər buraxılış vərəqəsini imtahandan 3 gün əvvəl dim.gov.az saytından əldə edə bilərlər.

Həmçinin namizədlərdən müəyyən olunan vaxtdan ən geci bir saat əvvəl imtahanın keçiriləcəyi inzibati binaya şəxsiyyət vəsiqələri və buraxılış vərəqələri ilə birlikdə yaxınlaşmaları xahiş olunur.

Əlavə olaraq bildiririk ki, hazırda sənəd qəbulu elektron qaydada davam edir. Qeydiyyatdan keçməmiş şəxslər 8 dekabr 2024-cü il tarixədək Kollegiyanın rəsmi internet səhifəsi vasitəsilə “Vəkilliyə qəbul” bölməsinə (https://barassociation.az/candidate-login) daxil olmaqla açılan pəncərədən “Namizəd qeydiyyatı”na keçərək müraciət edə bilərlər.