Cari il noyabrın 16-da Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) ilə UNİCEF-in Azərbaycandakı nümayəndəliyi arasında olan Anlaşma Memorondumuna əsasən, “Uşaqyönümlü hüquqi yardım (Uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)” mövzusunda Sumqayıt şəhərində fəaliyyət göstərən vəkillər üçün təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən ARVK-nın
üzvü, Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı təlim mövzusuna olan
yüksək marağı qeyd edərək, uşaqların hüquqlarının təmin edilməsinin onların
gələcək inkişafı və cəmiyyətə faydalı fərdlər kimi yetişməsi üçün əsas şərt
olduğunu bildirib.
Sonra çıxış edən Vəkillər Kollegiyası
Akademiyasının rektoru Əmir Əliyev iştirakçıları Kollegiyanın sədri Anar
Bağırovun adından salamlayıb və təlimin işinə müvəffəqiyyətlər arzulayıb. Qeyd
olunub ki, uşaq hüquqlarının qorunması sahəsinin spesifikliyi nəzərə alınaraq,
hüquqi yardımın özünəməxsus tələbləri vardır və bu, ədalət mühakiməsinin təmin
edilməsində çox vacib şərtlərdən biridir.
Təlimçi qismində çıxış edən UNİCEF-in
eksperti, Vəkillər Kollegiyasının üzvü Rafiq Alışov uşaqyönümlü hüquqi yardım
sahəsində beynəlxalq standartlar və mexanizmlər, uşaqyönümlü hüquqi yardımın
sosial-psixoloji aspektləri və bu sahədə praktiki fəaliyyət barədə ətraflı
danışıb. Eyni zamanda, uşaqyönümlü hüquqi yardım sahəsində rəhbər prinsiplər,
ibtidai istintaq və məhkəmə orqanlarında uşaqyönümlü hüquqi yardıma dair
vəkillərin fəaliyyəti müzakirə edilib.
Sonda təlimçi iştirakçıların suallarını
cavablandırıb və müvafiq fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, təlimdə ARVK-nın 29 üzvü iştirak edib.