100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Sumqayıtda vəkillərə “Uşaqyönümlü hüquqi yardım” mövzusunda təlim təşkil edilib

18 November 2024    303 share share

Cari il noyabrın 16-da Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) ilə UNİCEF-in Azərbaycandakı nümayəndəliyi arasında olan Anlaşma Memorondumuna əsasən, “Uşaqyönümlü hüquqi yardım (Uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda  müdafiəsində vəkilin fəaliyyəti)” mövzusunda Sumqayıt şəhərində fəaliyyət göstərən vəkillər üçün təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən ARVK-nın üzvü, Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı təlim mövzusuna olan yüksək marağı qeyd edərək, uşaqların hüquqlarının təmin edilməsinin onların gələcək inkişafı və cəmiyyətə faydalı fərdlər kimi yetişməsi üçün əsas şərt olduğunu bildirib.

Sonra çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru Əmir Əliyev iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb və təlimin işinə müvəffəqiyyətlər arzulayıb. Qeyd olunub ki, uşaq hüquqlarının qorunması sahəsinin spesifikliyi nəzərə alınaraq, hüquqi yardımın özünəməxsus tələbləri vardır və bu, ədalət mühakiməsinin təmin edilməsində çox vacib şərtlərdən biridir.

Təlimçi qismində çıxış edən UNİCEF-in eksperti, Vəkillər Kollegiyasının üzvü Rafiq Alışov uşaqyönümlü hüquqi yardım sahəsində beynəlxalq standartlar və mexanizmlər, uşaqyönümlü hüquqi yardımın sosial-psixoloji aspektləri və bu sahədə praktiki fəaliyyət barədə ətraflı danışıb. Eyni zamanda, uşaqyönümlü hüquqi yardım sahəsində rəhbər prinsiplər, ibtidai istintaq və məhkəmə orqanlarında uşaqyönümlü hüquqi yardıma dair vəkillərin fəaliyyəti müzakirə edilib.

Sonda təlimçi iştirakçıların suallarını cavablandırıb və müvafiq fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, təlimdə ARVK-nın 29 üzvü iştirak edib.