Cari il noyabr ayının 27-də "De
Fendo" Vəkil Bürosunda Azərbaycan Respublikasının Vəkillər Kollegiyası
(ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclasda çıxış edən Kollegiyanın sədri Anar
Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.
İclas gündəliyinə uyğun olaraq Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 noyabr 2024-cü il tarixli
Sərəncamı ilə hakim vəzifəsinə təyin edilən ARVK-nın 8 üzvü - Bayramov Samir
Zakir oğlu, Həsənov Teymur Həsən oğlu, Hüseynov Elşən Təbrizoviç, Qənbərov Tağı
Ədalət oğlu, Şeybullayeva Şəfiqə Eldar qızı, Məmmədova Günel İqbal qızı, Nəbiyev
Rəmzi Sultan oğlu və Nuriyev Aqil Abdul oğlunun mükafatlandırılmaları və
fəaliyyətlərinə xitam verilməsi məsələsinə baxılıb və müsbət qərar verilib.
Sonra bəzi vəkillərin dövlət qulluğuna
qəbul olunması ilə əlaqədar vəkillik fəaliyyətlərinin dayandırılması və onların
mükafatlandırılması, öz ərizələri ilə vəkillik fəaliyyətinə xitam verilməsi, müəyyən
müddətdə üzvlük haqqından azad olunma, maddi yardım, habelə borclarının silinməsi,
digər vəkil qurumlarına keçməsi ilə bağlı müraciətlərinə baxılıb, müvafiq
qərarlar çıxarılıb.
Eyni zamanda Avropa Hüquqşünas Tələbələr
Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyi tərəfindən təşkil olunacaq "Avropa
İnsan Hüquqları Məhkəməsi Simulyasiyası"nın X və o cümlədən Milli Məhkəmə
Müsabiqəsinin XIV buraxılışlarının keçirilməsinə maddi dəstək göstərilməsi
barədə məsələyə baxılıb və müsbət qərar qəbul edilib.
İclasın davamında Vəkillərin İntizam
Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri
intizam pozuntularına görə 5 vəkilə xəbərdarlıq edilib, 4 vəkilə töhmət
verilib, 2 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, habelə 1 vəkilin
fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə
müraciət edilməsi barədə qərar çıxarılıb.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.