100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

27 November 2024    439 share share

Cari il noyabr ayının 27-də "De Fendo" Vəkil Bürosunda Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.

İclas gündəliyinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 noyabr 2024-cü il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin edilən ARVK-nın 8 üzvü - Bayramov Samir Zakir oğlu, Həsənov Teymur Həsən oğlu, Hüseynov Elşən Təbrizoviç, Qənbərov Tağı Ədalət oğlu, Şeybullayeva Şəfiqə Eldar qızı, Məmmədova Günel İqbal qızı, Nəbiyev Rəmzi Sultan oğlu və Nuriyev Aqil Abdul oğlunun mükafatlandırılmaları və fəaliyyətlərinə xitam verilməsi məsələsinə baxılıb və müsbət qərar verilib.  

Sonra bəzi vəkillərin dövlət qulluğuna qəbul olunması ilə əlaqədar vəkillik fəaliyyətlərinin dayandırılması və onların mükafatlandırılması, öz ərizələri ilə vəkillik fəaliyyətinə xitam verilməsi, müəyyən müddətdə üzvlük haqqından azad olunma, maddi yardım, habelə borclarının silinməsi, digər vəkil qurumlarına keçməsi ilə bağlı müraciətlərinə baxılıb, müvafiq qərarlar çıxarılıb.

Eyni zamanda Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyi tərəfindən təşkil olunacaq "Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası"nın X və o cümlədən Milli Məhkəmə Müsabiqəsinin XIV buraxılışlarının keçirilməsinə maddi dəstək göstərilməsi barədə məsələyə baxılıb və müsbət qərar qəbul edilib.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 5 vəkilə xəbərdarlıq edilib, 4 vəkilə töhmət verilib, 2 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, habelə 1 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar çıxarılıb.

Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.