Noyabrın 29-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) Hüquqi Yardım Mərkəzində Rusiyanın Moskva Gənc Vəkillər Palatasının rəhbəri Dmitriy Kravçenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşü giriş sözü ilə açan ARVK-nın sədr
müavini - Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov qonaqları
Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb, Azərbaycan və Rusiya xalqları
arasında olan dostluq, mehriban qonşuluq münasibətlərinə toxunub, son illər Kollegiyanın
fəaliyyəti, görülən işlər barədə ətraflı məlumat verib.
ARVK gənc hüquqşünasların vəkilliyə cəlb
edilməsinə böyük önəm verdiyini deyən sədr müavini Kollegiya tərəfindən
hüquqşünas tələbələrə, könüllü və təcrübəçi gənclərə daim diqqət yetirildiyini,
ölkədə Hüquq fakültəsinin fəaliyyət göstərdiyi bütün ali təhsil müəssisələri
ilə əməkdaşlıq memorandumlarının imzalandığını, habelə Kollegiyanın dəstəyi ilə
hər il təşkil edilən yay və qış hüquq məktəblərinə 300-dən çox tələbənin
qatıldığını bildirib.
Eyni zamanda Şahmar Məmmədov bu çərçivədə
birgə icra edilən layihələrdən, tələbələrə və gənclər təşkilatlarına yaradılan
şəraitdən, o cümlədən Hüquqi Yardım Mərkəzi ilə Vəkillər Kollegiyası
Akademiyasında görülən işlərdən, fəaliyyət istiqamətlərindən danışıb.
Görüşdə ARVK-nın üzvü, Kollegiyanın “Gənc Vəkillər”
Komitəsinin həmsədri Yunis Nəsibov çıxışında bu sahədə görülən işlər barədə
diqqətə çatdırıb, ölkəmizin gənc vəkillərinin bir sıra beynəlxalq tədbirlərə
qatıldığını dilə gətirib.
Həmçinin ARVK Aparatının Beynəlxalq
əməkdaşlıq şöbəsinin müdiri Gözəl Hüseynzadə ötən dövrlərdə Kollegiyada qeyd
olunan istiqamətlərdə görülən işlər, aparılan islahatlar, vəkillik
fəaliyyətinin nüfuzunun artırılması və bu sahədə müsbət nəticələrin əldə
edilməsi barədə təqdimatla çıxış edərək təfərrüatlı məlumatları qonaqların nəzərinə
çatdırıb.
Sonra Moskva Gənc Vəkillər Palatasının rəhbəri
Dmitriy Kravçenko ilk görüşdən məmnun olduqlarını və Kollegiyanın bu sahədə
atdığı addımları yüksək qiymətləndirdiklərini söyləyib.
Görüşün davamında fikir mübadiləsi
aparılıb, gələcək əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir sıra digər
məsələlər müzakirə edilib, suallar cavablandırılıb.
Eyni zamanda qonaqlar Mərkəzin inzibati binası və iş şəraiti ilə tanış olublar.
Görüşdən sonra qonaqlar “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun (VB) inzibati binası ilə tanış olub, VB-nin fəaliyyəti barədə ətraflı məlumatlandırılıblar.