“Dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən vəsait bazar şəraitinə və bu günün tələblərinə uyğun olaraq artırılmalıdır”.
E-huquq.az xəbər verir ki, bu sözləri Vəkillər
Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.
“Biz həmişə olduğu kimi, indi də, gələcəkdə
də keyfiyyətli hüquqi yardım göstərməyə, hər kəsin konstitusion hüququnun təmin
edilməsində fəal rol oynamağa hazırıq. Təbii ki, vəkilliyin problemləri də var.
Əsas və ən böyük problemlərdən biri dövlət hesabına ödənilən hüquqi yardıma
görə ödənilən vəsaitin çox az olmasıdır. Düzdür, Prezident İlham Əliyevin
2018-ci ilin 22 fevral tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı
ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq dövlət hesabına
ödənilən vəsait 3 dəfə artırılıb və bu vəsait 6 manat təşkil edib. 2018-ci
ildən bu günə kimi həmin məbləğ dəyişməyib və 6 manat olaraq qalıb.
Razılaşarsınız ki, inflyasiya prosesinə uyğun olaraq digər sahələrdə maaşlar,
ödənişlər indeksasiyaya məruz qalır. Amma təəssüf ki, vəkillərə ödənilən vəsait
stabil qalıb. Bu bizi Vəkillər Kollegiyası olaraq tam qane etmir. Hesab edirəm
ki, burada da ədalət bərpa olunmalıdır. Tərəfimizdən bu məsələ ilə bağlı
müvafiq dövlət qurumlarına müraciətlər edilib, danışıqları davam etdiririk.
Lakin təəssüf ki, heç bir nəticə əldə olunmayıb. Ümid edirəm ki, yaxın zamanda
müsbət dönüş əldə olunacaq”, - Kollegiyanın sədri bildirib.