“Dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən vəsait bazar şəraitinə və bu günün tələblərinə uyğun olaraq artırılmalıdır”.
E-huquq.az xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.
“Biz həmişə olduğu kimi, indi də, gələcəkdə də keyfiyyətli hüquqi yardım göstərməyə, hər kəsin konstitusion hüququnun təmin edilməsində fəal rol oynamağa hazırıq. Təbii ki, vəkilliyin problemləri də var. Əsas və ən böyük problemlərdən biri dövlət hesabına ödənilən hüquqi yardıma görə ödənilən vəsaitin çox az olmasıdır. Düzdür, Prezident İlham Əliyevin 2018-ci ilin 22 fevral tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq dövlət hesabına ödənilən vəsait 3 dəfə artırılıb və bu vəsait 6 manat təşkil edib. 2018-ci ildən bu günə kimi həmin məbləğ dəyişməyib və 6 manat olaraq qalıb. Razılaşarsınız ki, inflyasiya prosesinə uyğun olaraq digər sahələrdə maaşlar, ödənişlər indeksasiyaya məruz qalır. Amma təəssüf ki, vəkillərə ödənilən vəsait stabil qalıb. Bu bizi Vəkillər Kollegiyası olaraq tam qane etmir. Hesab edirəm ki, burada da ədalət bərpa olunmalıdır. Tərəfimizdən bu məsələ ilə bağlı müvafiq dövlət qurumlarına müraciətlər edilib, danışıqları davam etdiririk. Lakin təəssüf ki, heç bir nəticə əldə olunmayıb. Ümid edirəm ki, yaxın zamanda müsbət dönüş əldə olunacaq”, - Kollegiyanın sədri bildirib.