Bakı Dövlət Universitetində (BDU) görkəmli alim və pedaqoq, Əməkdar hüquqşünas, AMEA-nın müxbir üzvü, hüquq elmləri doktoru, professor, BDU-nun Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri Məsumə Məlikovanın 95 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib.
Konfransın açılışında çıxış edən BDU-nun
rektoru Elçin Babayev qeyd edib ki, tanınmış alim, peşəkar müəllim, bacarıqlı
elm və təhsil təşkilatçısı, əsl ziyalılıq nümunəsi olan Məsumə Məlikovanın
həyatı təhsilə, hüquq elminin inkişafına, ölkəmizin tərəqqisinə həsr olunub.
Azərbaycan hüquq elminin parlaq simalarından olan Məsumə Məlikovanın BDU-nun 105
illik zəngin, şərəfli tarixinin əvəzsiz bir parçasıdır.
Tədbirdə Azərbaycan Respublikası Vəkillər
Kollegiyasının (ARVK) sədri, hüquq üzrə fəlsəfə doktoru Anar Bağırov çıxış
edərək tanınmış alimi Azərbaycan vəkil korpusunun adından təbrik edib, Məsumə
Məlikovanın yubileyi haqqında danışıb, ona sağlam ömür, cansağlığı arzulayıb.
Sədr diqqətə çatdırıb ki, Məsumə Məlikova Azərbaycanda
hüquq elmi məktəbinin banisidir, tanınmış alim ölkəmizin çağdaş hüquq tarixinin
ən görkəmli xadimi kimi daim yaddaşlarda qalacaq. Eyni zamanda Məsumə Məlikova
xanımların hüquqa maraqlarını artırır. Bu gün Azərbaycanda yüzlərlə xanım
hüquqşünaslar Məsumə Məlikovanın nümunəsini rəhbər tutaraq hüquqa üz tutublar.
Həmçinin Anar Bağırov ARVK Rəyasət
Heyətinin qərarına əsasən, Məsumə Məlikovanı “Fəxri Vəkil” adı ilə təltif
edildiyini vurğulayıb.
Sonra Məsumə Məlikovaya "Fəxri
Vəkil" diplomu və vəkil mantiyasını təqdim edilib.
Sonda söz yubilyara verilib. Professor Məsumə Məlikova konfransın yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib və özünü xoşbəxt insan saydığını deyib.