Bakı Dövlət Universitetində (BDU) görkəmli alim və pedaqoq, Əməkdar hüquqşünas, AMEA-nın müxbir üzvü, hüquq elmləri doktoru, professor, BDU-nun Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri Məsumə Məlikovanın 95 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib.
Konfransın açılışında çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, tanınmış alim, peşəkar müəllim, bacarıqlı elm və təhsil təşkilatçısı, əsl ziyalılıq nümunəsi olan Məsumə Məlikovanın həyatı təhsilə, hüquq elminin inkişafına, ölkəmizin tərəqqisinə həsr olunub. Azərbaycan hüquq elminin parlaq simalarından olan Məsumə Məlikovanın BDU-nun 105 illik zəngin, şərəfli tarixinin əvəzsiz bir parçasıdır.
Tədbirdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri, hüquq üzrə fəlsəfə doktoru Anar Bağırov çıxış edərək tanınmış alimi Azərbaycan vəkil korpusunun adından təbrik edib, Məsumə Məlikovanın yubileyi haqqında danışıb, ona sağlam ömür, cansağlığı arzulayıb.
Sədr diqqətə çatdırıb ki, Məsumə Məlikova Azərbaycanda hüquq elmi məktəbinin banisidir, tanınmış alim ölkəmizin çağdaş hüquq tarixinin ən görkəmli xadimi kimi daim yaddaşlarda qalacaq. Eyni zamanda Məsumə Məlikova xanımların hüquqa maraqlarını artırır. Bu gün Azərbaycanda yüzlərlə xanım hüquqşünaslar Məsumə Məlikovanın nümunəsini rəhbər tutaraq hüquqa üz tutublar.
Həmçinin Anar Bağırov ARVK Rəyasət Heyətinin qərarına əsasən, Məsumə Məlikovanı “Fəxri Vəkil” adı ilə təltif edildiyini vurğulayıb.
Sonra Məsumə Məlikovaya "Fəxri Vəkil" diplomu və vəkil mantiyasını təqdim edilib.
Sonda söz yubilyara verilib. Professor Məsumə Məlikova konfransın yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib və özünü xoşbəxt insan saydığını deyib.