Cari il dekabrın 16-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) “Deontologiya” Komitəsinin ilk iclası keçirilib.
İclası giriş sözü ilə açan Komitə sədri
Paşa Səfərov “Deontologiya” Komitəsinin Komitənin yaradılması üçün ARVK-nın
sədri cənab Anar Bağırova və Rəyasət Heyətinin üzvlərinə təşəkkürünü bildirib.
Sonra o, Komitənin yaradılmasının zəruriliyindən danışıb.
Nəzərə çatdırılıb ki, ARVK Rəyasət
Heyətinin 04 noyabr 2024-cü il tarixli qərarı ilə “Deontologiya” Komitəsinin
yaradılması qərara alınıb, 02 dekabr 2024-cü il tarixli qərarı ilə isə
Komitənin Əsasnaməsi və İş Planı təsdiq edilib. Komitə Əsasnaməsinə uyğun
olaraq ARVK-nın üzvü olan vəkillərin, eləcə də vəkil köməkçilərinin, Vəkil
bürolarında (fərdi qaydada fəaliyyət göstərən vəkillərin yanında) fəaliyyət
göstərən hüquqşünaslarda əxlaqi-dəyər və etik mədəniyyəti formalaşdırmaq və
inkişaf etdirmək, vəkillərin davranış qaydaları ilə bağlı qarşılaşdıqları
problemlərlə bağlı məsləhət və rəy vermək, etik təcrübələri araşdırmaq və
qiymətləndirmək fəaliyyətini həyata keçirəcəkdir.
Daha sonra Paşa Səfərov Komitənin 2025-ci
il üçün təsdiq edilmiş İş Planına toxunaraq, Komitə üzvləri ilə İş Planını
müzakirə edib. O, 2025-ci ilin yanvar ayından etibarən Komitənin İş Planına
uyğun olaraq fəaliyyət istiqamətlərini diqqətə çatdırıb.
Eyni zamanda İş Planına uyğun olaraq Komitə
üzvləri arasında Vəkillər Kollegiyası Akademiyasında təşkil ediləcək təlimlər
üçün mövzular və məruzəçilər müəyyən edilib.
Həmçinin iclasda bildirilib ki, vəkillərin
ədalət mühakiməsinin əsas sütunu kimi etik və davranış qaydalarına hər zaman
əməl etmələri olduqca zəruridir. Belə ki, “Vəkillər və vəkillik fəaliyyəti
haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin I hissəsinə görə,
vəkil peşə fəaliyyətini həyata keçirərkən vəkil etikasına riayət etməli, 18-ci
maddəsinə əsasən, “Vəkillərin davranış qaydaları haqqında“ Əsasnamə ilə müəyyən
edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir. Əsasnamənin 4.1-ci
bəndinə görə isə, məhkəmələrdə, ibtidai istintaq və təhqiqat orqanlarında və digər
dövlət qurumlarında öz peşə borcunu yerinə yetirən vəkil həmin məhkəmələrdə,
ibtidai istintaq və təhqiqat orqanlarında və digər dövlət qurumlarında tələb
olunan davranış qaydalarına riayət etməlidir.
Eyni zamanda həmin qurumların əməkdaşları
vəkillərə qarşı peşə fəaliyyətlərini həyata keçirərkən onlardan tələb olunan
davranış nümayiş etdirməlidirlər. Lakin bəzi hallarda vəkillər sosial şəbəkə
üzərindən müəyyən qurum əməkdaşları tərəfindən etik davranış qaydalarına zidd
davranışla qarşılaşdıqlarını vurğulayırlar. Bu arzuolunmaz haldır və
unudulmamalıdır ki, heç bir qurum əməkdaşı vəkilin peşə fəaliyyətini həyata
keçirərkən ona qarşı tələb olunan etik davranış çərçivəsindən kənar davranış
sərgiləyə bilməz. Bu cür münasibətlərin gələcəkdə təkrar edilməməsi üçün ARVK
ilə müvafiq qurumlar arasında görüşlərin təşkil edilməsi və bu kimi halların
müzakirəsinə ciddi zərurət vardır. Odur ki, vəkillərdən peşə fəaliyyətini
həyata keçirərkən qarşılaşdıqları etik çətinliklərlə və bu çətinliyi yaradan
əməkdaşın təmsil etdiyi qurum barəsində Komitənin deontology@barassociation.az
elektron poçt ünvanı vasitəsilə məlumat vermələri zəruridir.
Həmçinin vəkillik peşəsinin tətbiqi zamanı
lazım olan əxlaqi dəyər və etik qaydaların araşdırılması, qiymətləndirilməsi və
bu istiqamətdə Rəyasət Heyətinə zəruri təkliflərin təqdim edilməsi Komitənin
fəaliyyəti üçün çox önəmlidir. Odur ki, bu sahədə də müvafiq təkliflərin qəbul
edilməsi zəruridir və vəkillərin bu sahədə olan təkliflərinin toplanılması ilə
bağlı Komitə tərəfindən zəruri addımlar atılmalıdır.