100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər Kollegiyasının “Deontologiya” Komitəsinin ilk iclası keçirilib

19 December 2024    179 share share

Cari il dekabrın 16-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) “Deontologiya” Komitəsinin ilk iclası keçirilib.

İclası giriş sözü ilə açan Komitə sədri Paşa Səfərov “Deontologiya” Komitəsinin Komitənin yaradılması üçün ARVK-nın sədri cənab Anar Bağırova və Rəyasət Heyətinin üzvlərinə təşəkkürünü bildirib. Sonra o, Komitənin yaradılmasının zəruriliyindən danışıb.

Nəzərə çatdırılıb ki, ARVK Rəyasət Heyətinin 04 noyabr 2024-cü il tarixli qərarı ilə “Deontologiya” Komitəsinin yaradılması qərara alınıb, 02 dekabr 2024-cü il tarixli qərarı ilə isə Komitənin Əsasnaməsi və İş Planı təsdiq edilib. Komitə Əsasnaməsinə uyğun olaraq ARVK-nın üzvü olan vəkillərin, eləcə də vəkil köməkçilərinin, Vəkil bürolarında (fərdi qaydada fəaliyyət göstərən vəkillərin yanında) fəaliyyət göstərən hüquqşünaslarda əxlaqi-dəyər və etik mədəniyyəti formalaşdırmaq və inkişaf etdirmək, vəkillərin davranış qaydaları ilə bağlı qarşılaşdıqları problemlərlə bağlı məsləhət və rəy vermək, etik təcrübələri araşdırmaq və qiymətləndirmək fəaliyyətini həyata keçirəcəkdir.

Daha sonra Paşa Səfərov Komitənin 2025-ci il üçün təsdiq edilmiş İş Planına toxunaraq, Komitə üzvləri ilə İş Planını müzakirə edib. O, 2025-ci ilin yanvar ayından etibarən Komitənin İş Planına uyğun olaraq fəaliyyət istiqamətlərini diqqətə çatdırıb.

Eyni zamanda İş Planına uyğun olaraq Komitə üzvləri arasında Vəkillər Kollegiyası Akademiyasında təşkil ediləcək təlimlər üçün mövzular və məruzəçilər müəyyən edilib.

Həmçinin iclasda bildirilib ki, vəkillərin ədalət mühakiməsinin əsas sütunu kimi etik və davranış qaydalarına hər zaman əməl etmələri olduqca zəruridir. Belə ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin I hissəsinə görə, vəkil peşə fəaliyyətini həyata keçirərkən vəkil etikasına riayət etməli, 18-ci maddəsinə əsasən, “Vəkillərin davranış qaydaları haqqında“ Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir. Əsasnamənin 4.1-ci bəndinə görə isə, məhkəmələrdə, ibtidai istintaq və təhqiqat orqanlarında və digər dövlət qurumlarında öz peşə borcunu yerinə yetirən vəkil həmin məhkəmələrdə, ibtidai istintaq və təhqiqat orqanlarında və digər dövlət qurumlarında tələb olunan davranış qaydalarına riayət etməlidir.

Eyni zamanda həmin qurumların əməkdaşları vəkillərə qarşı peşə fəaliyyətlərini həyata keçirərkən onlardan tələb olunan davranış nümayiş etdirməlidirlər. Lakin bəzi hallarda vəkillər sosial şəbəkə üzərindən müəyyən qurum əməkdaşları tərəfindən etik davranış qaydalarına zidd davranışla qarşılaşdıqlarını vurğulayırlar. Bu arzuolunmaz haldır və unudulmamalıdır ki, heç bir qurum əməkdaşı vəkilin peşə fəaliyyətini həyata keçirərkən ona qarşı tələb olunan etik davranış çərçivəsindən kənar davranış sərgiləyə bilməz. Bu cür münasibətlərin gələcəkdə təkrar edilməməsi üçün ARVK ilə müvafiq qurumlar arasında görüşlərin təşkil edilməsi və bu kimi halların müzakirəsinə ciddi zərurət vardır. Odur ki, vəkillərdən peşə fəaliyyətini həyata keçirərkən qarşılaşdıqları etik çətinliklərlə və bu çətinliyi yaradan əməkdaşın təmsil etdiyi qurum barəsində Komitənin deontology@barassociation.az elektron poçt ünvanı vasitəsilə məlumat vermələri zəruridir.

Həmçinin vəkillik peşəsinin tətbiqi zamanı lazım olan əxlaqi dəyər və etik qaydaların araşdırılması, qiymətləndirilməsi və bu istiqamətdə Rəyasət Heyətinə zəruri təkliflərin təqdim edilməsi Komitənin fəaliyyəti üçün çox önəmlidir. Odur ki, bu sahədə də müvafiq təkliflərin qəbul edilməsi zəruridir və vəkillərin bu sahədə olan təkliflərinin toplanılması ilə bağlı Komitə tərəfindən zəruri addımlar atılmalıdır.