Cari ilin dekabr ayının 20-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Cenevrə Konvensiyalarının qəbul olunmasının 75-ci ildönümünə həsr edilmiş “Beynəlxalq Humanitar Hüququn Tətbiqi üzrə Fəaliyyətlər: Müsbət Təcrübələr və Problemlər” mövzusunda 1 günlük seminar təşkil olunub. Tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri, beynəlxalq ekspertlər, Ombudsman Aparatının əməkdaşları və media nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının İnsan Hüquqları
üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı və BQXK-nın
Azərbaycan Nümayəndəliyinin rəhbəri Draqana Kojiç açılış nitqi ilə çıxış edərək
tədbirin işinə uğurlar arzulayıblar.
Seminarda uyğunluğun təmin edilməsi üsulu
kimi beynəlxalq humanitar hüququn milli səviyyədə tətbiqi və milli təsisatların
rolu, əldə edilmiş müsbət təcrübələr, itkin düşmüş şəxslərin taleyinin
aydınlaşdırılması və digər aidiyyəti sahələr üzrə həyata keçirilən fəaliyyət və
beynəlxalq təcrübə barədə geniş fikir mübadiləsi aparılıb.
Tədbirdə Vəkillər Kollegiyası
Akademiyasının hüquqşünas-məsləhətçisi Sona Xəlilli hüquq-mühafizə orqanlarında
beynəlxalq humanitar hüquq təlimləri və işçilərin biliklərinin artırılması
barədə ətraflı çıxış edib, müvafiq sahə üzrə vəkillik təsisatının üzərinə düşən
vəzifələr, cari ildə Vəkillər Kollegiyası tərəfindən bu istiqamətdə görülmüş
işlər haqqında məlumat verib.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib və xatirə şəkli çəkilib.