Cari il fevralın 25-də Azərbaycan Respublikası Vəkillər
Kollegiyasının (ARVK) sədri, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı
mübarizə üzrə Komissiyasının üzvü Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti
Avstriyanın Laksenburq əyalətində yerləşən Beynəlxalq Antikorrupsiya
Akademiyasına (IACA) səfər edib və Akademiyanın rektoru Slagjana Taseva ilə
görüş keçirib.
Görüşdə IACA-nın rektoru Slagjana Taseva ARVK sədrinin
başçılıq etdiyi nümayəndə heyətini salamlayaraq, Akademiyanın fəaliyyəti
haqqında geniş məlumat verib, korrupsiya ilə mübarizədə beynəlxalq əməkdaşlığın
əhəmiyyətini vurğulayıb, o cümlədən Azərbaycan Respublikasının Baş Prokurorluğu
ilə uzunmüddətli və səmərəli əməkdaşlıq etdiklərini söyləyib.
Sonra Akademiyanın əməkdaşları IACA tərəfindən təşkil
edilən təlimlər və tədris proqramlar barədə danışıblar.
Görüşdə ARVK-nın sədri Anar Bağırov çıxış edərək vəkillərin
peşəkar inkişafına və təhsilinə böyük önəm verildiyini bildirib, həmçinin ölkəmizdə
korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində həyata keçirilən səmərəli
tədbirlər və hüquqi islahatlar çərçivəsində görülən işlər barədə ətraflı məlumat
verib. Sədr vurğulayıb ki, korrupsiyaya qarşı mübarizədə effektiv
strategiyaların tətbiqi və beynəlxalq təcrübənin öyrənilməsi vacibdir. O, IACA
ilə gələcək əməkdaşlığın perspektivlərini müzakirə edərək, Azərbaycan vəkillərinin
bu akademik platformadan yararlanmasının əhəmiyyətini qeyd edib.
Görüş zamanı ARVK-nın Beynəlxalq Əməkdaşlıq Şöbəsinin
müdiri Gözəl Hüseynzadə Kollegiyanın fəaliyyəti və son illərdə həyata keçirilən
işlər barədə təqdimatla çıxış edib.
Həmçinin nümayəndə heyətinin üzvü Elçin Usub müzakirə
olunan məsələlər barədə öz fikirlərini bölüşüb, əməkdaşlığın gələcək
perspektivləri və vəkillərin təhsil imkanlarının genişləndirilməsi barədə təkliflərini
səsləndirib.
Görüş çərçivəsində tərəflər gələcək qarşılıqlı əməkdaşlıq
strategiyalarını müzakirə edərək, vəkillərin peşəkar inkişafı və təhsilinin dəstəklənməsi
istiqamətində konkret addımların atılması barədə razılığa gəliblər. Bu istiqamətdə
IACA-nın magistr proqramları, qısa və uzunmüddətli təlim kursları, yay məktəbləri
və digər akademik proqramlar üzrə Azərbaycan vəkilləri üçün güzəştlərin tətbiq
edilməsi məsələsi də razılaşdırılıb.
Eyni zamanda IACA və ARVK arasında yeni təlim və
ixtisasartırma proqramlarının təşkili planlaşdırılır.
Görüş zamanı təşkilatlar arasında əməkdaşlığın davamlı
və institusional əsasda inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi
aparılıb.
Görüş qarşılıqlı suallar və təkliflərin müzakirəsi ilə
davam edib.
Bildirmək istərdik ki, ARVK və IACA arasında əməkdaşlığın
başlaması gələcəkdə korrupsiyaya qarşı mübarizədə və hüquqi biliklərin
artırılmasında mühüm rol oynayacaqdır.
Beynəlxalq Antikorrupsiya Akademiyası - korrupsiyaya
qarşı mübarizə sahəsində peşəkar təhsil və tədqiqatların aparılması məqsədilə
yaradılmış beynəlxalq təşkilatdır. Hazırda Akademiya 81 ölkədən dövlət
qurumları, özəl sektor, vətəndaş cəmiyyəti və hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq
edərək korrupsiyaya qarşı mübarizə üzrə müasir bilik və bacarıqların inkişaf
etdirilməsinə töhfə verir.