Avstriyanın paytaxtı Vyana şəhərində Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) "Mübadilə, əməkdaşlıq və dəstək platforması" (PECO) Komitəsinin növbəti iclası keçirilib.
Azərbaycan Respublikası
Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə
heyəti iclasda iştirak edib.
İclasda CCBE-yə üzv
olan qurumlar və müşahidəçilər tərəfindən hesabatlar təqdim olunub. Burada vəkillik
peşəsindəki cari vəziyyət, eləcə də çoxsaylı ölkələrin ədalət sistemlərində baş
verən son dəyişikliklər barədə yenilənmiş məlumatlar paylaşılıb.
Həmçinin ARVK-nın Beynəlxalq
əməkdaşlıq şöbəsinin müdiri Gözəl Hüseynzadə Kollegiyanın son illərdəki fəaliyyəti
və bu dövrdə görülən işlərin vəkillərin sayının artımına və cəmiyyətdə peşənin
nüfuzunun yüksəlməsinə birbaşa müsbət təsiri haqqında ətraflı hesabat təqdim
edib. Hesabat zamanı vəkillik institutunun gücləndirilməsi, vəkillərin peşəkar hazırlıq
səviyyəsinin yüksəldilməsi, vəkillərin hüquqlarının qorunması, habelə hüquq
sistemində vəkillərin rolunun artırılması və vətəndaşların hüquqi yardıma çıxış
imkanlarının genişləndirilməsi istiqamətində aparılan islahatlardan bəhs edilib.
Eyni zamanda beynəlxalq hüquq cəmiyyətlərində vəkillərin fəal iştirakının təmin
edilməsi üçün müxtəlif əməkdaşlıq proqramlarının həyata keçirildiyini vurğulanıb.
Hesabat təqdimatından
sonra ARVK-nın nümayəndə heyətinin üzvləri iclas iştirakçılarının suallarını
cavablandırıb, şəffaf müzakirələr aparılıb.
Müzakirələr zamanı Kollegiya
sədri Anar Bağırov vəkillik peşəsinin tamamilə müstəqil olduğunu bildirib. Sədr
nəzərə çatdırıb ki, ARVK maliyyə cəhətdən tam müstəqildir və heç bir dövlət, özəl
və xarici təşkilatdan maliyyə dəstəyi almır. Kollegiyanın maliyyələşməsi yalnız
vəkillik fəaliyyətindən əldə edilən vəsaitlər hesabına həyata keçirilir ki, bu
da vəkilliyin tam müstəqil fəaliyyət göstərməsinə zəmanət verir. Anar Bağırov
bu müstəqilliyin hüquqi xidmətlərin keyfiyyətinin artırılmasına və vətəndaşların
ədalət mühakiməsinə çıxışının daha da təkmilləşdirilməsinə xidmət etdiyini qeyd
edib.
Həmçinin iclasda bəzi
ölkələrdə ödənişsiz hüquqi yardımın ƏDV-yə cəlb olunması məsələsi də müzakirə
edilib. Bu mövzuda ARVK Rəyasət Heyətinin üzvü, ARVK-nın PECO-dakı səlahiyyətli
nümayəndəsi Elçin Usub çıxış edərək öz qeyd və təkliflərini səsləndirib. O, ölkəmizin
bu sahədəki təcrübəsini və regiondakı cari vəziyyəti izah edərək, ödənişsiz
hüquqi yardımın əlçatanlığı baxımından bu cür vergi tətbiqlərinin potensial mənfi
təsirləri barədə fikirlərini bölüşüb.
Daha sonra iclasın gündəliyindəki digər məsələlər müzakirə olunaraq fikir mübadiləsi aparılıb.