Cari il fevral ayının 28-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Avstriya Vəkillər Kollegiyasının dəvəti ilə Avropa Vəkillər Kollegiyaları rəhbərlərinin 53-cü konfransında iştirak edib.
Geniş və
çoxşaxəli proqramı ilə qeyd olunan konfrans yarım
əsrdən artıqdır ki, Avropanın aparıcı hüquq təşkilatlarının rəhbərləri üçün
mühüm təcrübə mübadiləsi və dialoq platforması rolunu oynayır.
Bu il “Tənzimləmələrin
azaldılması və qanunun aliliyi: fürsət, yoxsa təhdid?” mövzusuna həsr olunan
konfrans Vyanada tarixi “Palais Ferstel” binasında baş tutub.
Konfrans çərçivəsində
iştirakçılar Avstriya Federal Kanslerinin və Avstriya federal ədliyyə nazirinin
qəbulunda olublar.
Tədbirin
sonunda iştirakçılar üçün tarixi Palais Niederösterreich binasında rəsmi ziyafət
təşkil edilib.
Bundan əlavə,
fevral ayının 27-də nümayəndə heyəti Vyana səfəri çərçivəsində Avropa Vəkillər
Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) Daimi Komitələrinin
iclaslarında iştirak edib. İclas zamanı Komitə üzvləri gündəlikdə olan və səsverməyə
çıxarılan məsələlərlə bağlı müzakirələr aparıb və CCBE-nin gələcək fəaliyyət
istiqamətlərinə dair qərarlar qəbul ediblər.
Səfər çərçivəsində ARVK-nın nümayəndələri müxtəlif ölkələrin vəkillər kollegiyalarının rəhbərləri ilə görüşlər keçirib, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və hüquqi islahatlar sahəsində təcrübə mübadiləsi aparıblar.