28 fevral - 02 mart tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) nümayəndə heyəti - ARVK-nın sədr müavini Aydın Axundov və Kollegiyanın Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev Qırğız Respublikası Vəkillər Kollegiyasının dəvəti ilə Qırğız Respublikası vəkilliyinin 100 illiyinə həsr olunmuş yubiley tədbirlərində iştirak etmək üçün bu ölkədə rəsmi səfərdə olub.
Qırğız
Respublikası Filarmoniyasında təntənəli mərasim keçirilib. Açılış nitqi ilə
çıxış edən Qırğız Respublikası Vəkillər Kollegiyasının sədri Meyil Begilerova
qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən, habelə Qırğız Respublikası vəkilliyində
son illərdə atılan perspektivli addımlardan və görülən işlərdən danışıb.
Sonra
tədbirdə rəsmi şəxslər çıxış edərək Qırğız Respublikası vəkilliyinin 100 illiyi
münasibəti ilə hər kəsi təbrik ediblər, vəkillərin gələcək fəaliyyətlərində
uğurlar arzulayıblar.
Həmçinin
tədbirdə "Qırğız Respublikasının Vəkilliyinin tarixi" adlı sənədli
film nümayiş etdirilib.
Tədbirlər
çərçivəsində "Ala-Arça" dövlət iqamətgahında qonaqlara ziyafət təşkil olunub. Ziyafət zamanı çıxış edən ARVK-nın sədr müavini Aydın Axundov Qırğız
Respublikası vəkillərini salamlayıb, xoş arzularını çatdırıb və dəvət üçün təşəkkürünü
bildirib. O, iki qardaş ölkənin vəkil qurumları arasındakı münasibətlərin əhəmiyyətini
vurğulayaraq, vəkillik peşəsinin cəmiyyətdəki rolu və aliliyini qeyd edib.
ARVK
Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev də çıxışında qonaqları salamlayıb, vəkillərin
peşəkarlıq standartlarının artması və beynəlxalq təcrübənin bölüşülməsi məqsədilə
bu tipli tədbirlərin vacibliyini vurğulayıb.
Nəzərə
çatdırılıb ki, Qırğız Respublikası vəkilliyinin 100 illiyinə həsr olunmuş
jurnal çap edilib. Jurnalda ARVK-nın sədri Anar Bağırovun da təbrik məktubu yer
alıb. Məktubda vəkillik peşəsinin ədalətli cəmiyyət, qanunun aliliyinin təmin
edilməsi və insan hüquqlarının qorunmasında oynadığı mühüm rol vurğulanıb.
Sədr
məktubunda qeyd edib ki, iki türk dövləti olan Azərbaycan və Qırğız
Respublikasını dərin dostluq və tarixi qardaşlıq əlaqələri bağlayır. Bu da müxtəlif
sahələrdə, o cümlədən hüquq cəmiyyətində sıx əməkdaşlığımızda öz əksini tapır.
Xüsusilə, Kollegiyalarımız arasında bağlanmış qarşılıqlı anlaşma haqqında
Memorandum bizim üçün böyük əhəmiyyət kəsb
edir. Belə ki, Memoranduma əsasən, iki qardaş ölkənin vəkil qurumları arasında
sıx əməkdaşlığın əsası qoyulmuşdu.
Həmçinin Anar Bağırov qeyd edib ki, Qırğız
Respublikasının Türk dünyası Vəkillər
kollegiyalarının rəhbərləri arasında imzalanmış niyyət bəyannaməsi və onun
icrasındakı rolu danılmazdır. Əminəm ki, bu əməkdaşlıq çərçivəsində gələcəkdə
ortaq səylərimizin töhfəsini görəcəyik, peşəkar, eləcə də şəxsi əlaqələrimiz
daha da möhkəmlənəcək.
Tədbirin
sonunda mükafatlar və hədiyyələr təqdim olunub.